Avropa İttifaqı Vyana danışıqlarında İranın nüvə razılaşmasını canlandırmaq üçün təkliflər hazırlayıb. “Əl-Cəzirə” təklifin ABŞ-ın razılaşmanı yenidən tərk edəcəyi təqdirdə cərimələrin ödənilməsi öhdəliyini ehtiva etdiyini yazır.
İddia edilir ki, Tehranın nüvə fəaliyyətlərini mərhələli şəkildə məhdudlaşdırması müqabilində banklar da daxil olmaqla 160-dan çox İran qurumuna qarşı sanksiyaların dərhal ləğvi nəzərdə tutulur.
Media qurumu Brüsselin əvvəllər “yekun” adlandırdığı təklifin dörd mərhələdən ibarət olduğunu və tam həyata keçirilməsinin ən azı 120 gün çəkəcəyini bildirib.
İmzalanandan sonra “ilk gündə” İranın 17 bankı və 150 digər iqtisadi qurumuna qarşı sanksiyaların ləğvi planlaşdırılır. Tehran da ilk gündən saziş çərçivəsində götürdüyü öhdəliklərə qayıtmağa başlayacaq və nüvə fəaliyyətlərini azaldacaq.
Məlumatda qeyd olunur ki, bu sazişin həyata keçirilməsi, həmçinin hazırda Cənubi Koreyada dondurulmuş 7 milyard dollarlıq İran vəsaitlərinin sərbəst buraxılmasını da əhatə edəcək.
“Əl-Cəzirə” bildirib ki, sazişin imzalanmasından sonrakı 120 günlük müddət ərzində İrana “sınaq mexanizmi” çərçivəsində 50 milyon barel neft ixrac etməyə icazə veriləcək.
Həmin müddətdən sonra İslam sutkada 2,5 milyon barel neft ixrac edə biləcək.
Tahir TAĞIYEV