Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda dünya yeni bir müharibənin ayaq səslərini eşitməyə başlayıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana planlaşdırılan səfəri Çin və ABŞ arasında gərginliyi artırıb. Çin rəsmiləri son bir neçə gündə ABŞ-a dəfələrlə xəbərdarlıq edib və hətta ABŞ-ı vurmaqla təhdid edib.
Pekində yerləşən Cənubi Çin Dənizi Strateji Tədqiqat Təşəbbüsü analitik mərkəzinin məlumatlarına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin “Ronald Reyqan” təyyarədaşıyan gəmisi bu həftənin əvvəlində idarə olunan raket esminesi və kreyseri ilə Sinqapurdan ayrılaraq şimal-şərqdən Cənubi Çin dənizinə doğru hərəkət edib.
“South China Morning Post” qəzetinin xəbərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə aid döyüş gəmisi Cənubi Çin dənizində mübahisəli Spartli adalarının 185 kilometr cənubunda seyr edir.
Pelosinin səfər bəyanatı ilə hərbi fəallıq artdıqdan sonra Çin mediasında müharibə manşetləri daha çox diqqət çəkməyə başlayıb. Çin hökumətinin media orqanı olan “Global Times” və Mao Tszedonun dövründən bəri nəşr olunan “People's Daily” qəzeti ABŞ-a qarşı təhdidlər səsləndirib.
“People's Daily” qəzeti yazır: “Nensi Pelosi və onu müşayiət edən döyüş təyyarələri xəbərdarlıqlarımıza məhəl qoymazlarsa, əvvəlcə məcbur edəcəyik. Əgər Tayvana yaxınlaşmaqda israrlı olsalar o zaman biz həm Nensi Pelosinin təyyarəsini, həm də onu müşayiət edən döyüş təyyarələrini vuracağıq".
ABŞ rəsmiləri isə, səfər baş tutacağı halda ABŞ ordu qüvvələrinin və döyüş maşınlarının Hind-Sakit okean regionunda hərəkətini artıracağını bildirib və əlavə ediblər ki, Pelosinin adaya getməsi üçün döyüş təyyarələri, gəmilər, kəşfiyyat vasitələri və digər hərbi sistemləri işə salaraq mühafizə halqaları yaradacaqlar.
Bu arada, Çin ordusunun təlim adı altında əvvəlcə Tayvan boğazını raketlərlə bombaladığı, daha sonra isə boğazı bağladığı iddia edilib.
Çin ordusunun Tayvan boğazını hədəfə aldığı təlimdən sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Pelosi açıqlama verib. "Çinin bütün etirazlarına baxmayaraq, Çin üçün də Rusiyaya bənzər bir ssenari gündəmə gələ bilər. Çinin Tayvana qarşı bənzər bir işğal cəhdi sanksiyaları tətikləyə bilər" - Pelosi deyib.
Çin Tayvan boğazını bağlaması xəbərlərindən sonra bütün dünyanın gözü ABŞ-ın hansı reaksiyanı verəcəyinə yönəlib.
Tahir TAĞIYEV