2019-cu ildə 8 ədəd F-16 “Block 70” tipli döyüş təyyarəsi üçün ABŞ-a 1 milyard 256 milyon dollar avans ödəyən Bolqarıstanda təyyarələrin hələ də təslim edilməməsi ciddi narazılığa səbəb olub.
Bununla bağlı parlamentə keçirilən müzakirələr gərginliyə səbəb olub. İstefa verən Kiril Petkov hökumətinin müdafiə naziri Draqomir Zakov parlamentə Bolqarıstanın xahişi ilə 8 yeni F-16 təyyarəsinin alınması üçün ABŞ-dan gələn təklifin detallarını parlamentdə açıqlayıb.
Zakov ABŞ-ın yenidən işlənmiş təklifində təyyarə üçün daha müasir avadanlıqların təklif edildiyini və bunun Bolqarıstanın xeyrinə olacağını iddia edib. Nazir Zakov bildirib ki, bəzi səlahiyyətlər məsələni geosiyasi müstəviyə çeviriblər.
Parlamentdə təmsil olunan rusiyayönlü siyasi qüvvələr Bolqarıstanın da üzvü olduğu NATO standartlarına uyğun F-16 təyyarələrinin alınmasına qarşı çıxıblar.
İstefa verən hökumətin koalisiya ortağı və keçmiş kommunist partiyasının siyasi ənənəsini davam etdirən Bolqarıstan Sosialist Partiyasından (BSP) millət vəkili Rumen Geçev deyib ki, strateji NATO müttəfiqimiz ABŞ belə bir təkliflə bizi küncə sıxışdırmağa çalışır: “Bolqarıstan xalqının ödədiyi pul uçub getdi, gözlənən təyyarələr hələ də uçub gəlmədi”.
BSP Parlament Qrupunun sədri Georgi Svilenski isə Bolqarıstanın hələ də “sazan kimi” bu təyyarələri gözlədiyini deyib.
Bolqarıstan parlamentində Rusiya prezidenti Vladimir Putinin siyasətini təmsil edən müxalif “Doğuş” partiyasının lideri Kostadin Kostadinov ABŞ-ın Bolqarıstanın siyasətini diktə etdiyini bildirib: “Bizim ordumuz NATO alyansına daxil olana qədər daha güclü idi”.
Qeyd edək ki, Bolqarıstan 2019-cu ildə 8 təyyarə üçün 1 milyard 256 milyon dollar avans ödəyib. F-16-ların istehsalçısı olan “Lockheed Martin” qabaqcadan ödənişi edilmiş 8 təyyarəni 2023-cü ildə Bolqarıstana göndərməyi planlaşdırırdı. Daha sonra Kovid-19 epidemiyasının istehsalı pozduğunu bəhanə edən istehsalçı, çatdırılma tarixini 2025-ci ilə təxirə salıb.
Təyyarələrin alınmasını yekunlaşdırmaq üçün tələb olunan ikinci səsvermə oktyabr ayına qədər parlamentdən keçməlidir.
Bolqarıstanın hava məkanının qorunmasına cavabdeh olan Hərbi Hava Qüvvələrinin donanması təxminən 15 Rusiya istehsalı olan keçmiş MiQ tipli döyüş təyyarələrindən ibarətdir ki, onlardan da yalnız bir neçəsi uça bilir.
Tahir TAĞIYEV