ABŞ Baş prokurorunun müavini Liza Monako Rusiyanın Ukraynaya hücumundan sonra saxlanan bir rus oliqarxa məxsus yaxtada aparılan axtarışlar zamanı “Faberje” yumurtalarının tapıldığını açıqlayıb.
Rus oliqarxa məxsus super yaxtada əməliyyatlarla bağlı təfərrüatlı açıqlama verməyən Monako yaxtanın kimə aid olduğunu da deməyib: "Bu yaxtalardan birində “Fabreje” yumurtası tapdıq. Ona görə də bu biz çox maraqlı gəldi".
Monako, rus oliqarxa məxsus yaxtanın keçən ay Ficidən ayrılaraq San Dieqoda lövbər saldığını bildirib. O, bəyan edib ki, əgər yumurta həqiqətən də “Faberje” yumurtası olarsa, bu, dünyada qalan bir neçə yumurtadan biri olacağı anlamına gələcək və dəyəri milyonlarla dollarla ölçüləcək.
Qeyd edək ki, rus çarı 3-cü Aleksandrın həyat yoldaşı Mariya Fyodorovna üçün Pasxa bayramında hədiyyə etmək üçün hazırlanan və ənənə halını alan “Faberje” yumurtaları günümüzə qədər gəlib çataraq dəbdəbə və əzəmətin göstəricisinə çevrilib. Romanovlar sülaləsində ənənə halını almış yumurtalardan 50 ədəd istehsal olunub, lakin onların bəziləri günümüzə qədər gəlib çıxmayıb.
Klassik yumurta şəklində olan “Faberje” zərgərlik məmulatının hazırlanmasında yaqut və qızıldan istifadə edilib.
Digər tərəfdən, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları çərçivəsində rus oliqarx Süleyman Kərimova məxsus 300 milyon dollar dəyərində olan “Amadea” adlı 107 metrlik lüks yaxta mayın 5-də Ficinin Lautoka bölgəsində ABŞ Ədliyyə Departamentinin tələbi və Federal Təhqiqat Bürosunun dəstəyi ilə Fici hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilib. Sözügedən “Faberje” yumurtasının da Kərimova məxsus yaxtada tapıldığı təxmin edilir.
Tahir TAĞIYEV