Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna-Rusiya müharibəsi və Rusiyanın Qərblə əlaqələri ilə bağlı maraqlı açıqlamalar verib.
Ukrayna rəhbərliyinin Krımı Rusiyadan geri almaq və Krım körpüsünə hücum bəyanatlarına toxunan Medvedev Ukraynanı təhdid edib: "Tez-tez açıqlamalarla ortaya çıxan bəzi qanlı klounlar bizi təhdid etməyə çalışırlar. Mən Krıma hücumdan danışıram. Belə bir şey baş verəcəyi halda Ukrayna üçün qiyamət günü gələcək. Bu, dərhal və sərt olacaq, gizlənmək mümkün olmayacaq. Yenə bu cür bəyanatlarla ümumi vəziyyəti gərginləşdirməkdə davam edirlər”.
Qərb ölkələri ilə yaşanan gərginliyə də toxunan Medvedev deyib: "ABŞ və bəzi Avropa ölkələrinin məqsədi Rusiyanın mümkün qədər inkişafını əngəlləməkdir. Onlar bizə və imkanlarımıza bir çox cəhətdən paxıllıq edirlər. Dünyanı olduğu kimi qəbul etməliyik. Ölkəmiz bütün dövlətləri sevindirə bilməz.
Məmnun etməyə çalışan dövlətlər öz suverenliyini ya tamamilə, ya da qismən itirirlər. Sonra başqalarının peyk dövlətinə çevrilirsən. Ölkəmiz çox uzun müddətdir ki, özünü təmin edir və heç kimin peyki deyil”.
Tahir TAĞIYEV