Rusiyanın Ukraynanın Odessa şəhərində “NATO-nun göndərdiyi “Harpoon” raketlərinin saxlandığı”nı iddia edib vurduğu anbarın türk iş adamına məxsus plastik qab istehsalı fabriki olduğu ortaya çıxıb.
Türkiyənin Haber7 portalının əldə etdiyi məlumata görə, vurulan 85 nəfərin çalışdığı fabrikdə plastik qablar istehsal edilirmiş. Rusiya dünən səhər saat 06:00 radələrində fabrikə raket zərbələri endirib. Hücum nəticəsində yaralananların olduğu bildirilir. Odessada 14 ildir fəaliyyət göstərən fabrikə 10 milyon dollar ziyan dəyib.
"Fabrik türklərə məxsusdur və plastik saxlama qabları istehsal edir. Sahibi türkdür. 10 milyon dollara yaxın zərəri var" - mənbələr Haber7-yə deyib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov dünən Odessada sənaye müəssisəsi binalarından birində yerləşən NATO ölkələri tərəfindən Ukraynaya göndərilən “Harpoon” gəmi əleyhinə raketlərin yerləşdiyi anbarın havadan uzaqmənzilli yüksək dəqiqlikli raketlərlə məhv edildiyi barədə məlumat paylaşıb.
Tahir TAĞIYEV