Rusiyanın Ukraynaya hücumu səbəbindən Avropa ölkələri ilə Rusiya arasında gərginlik davam edir. Rusiya ilə Avropa arasında enerji böhranı xüsusilə Fransa və Almaniyada böyük xaosa səbəb olub.
Rusiyanın qaz nəqlinin kəsməsi Avropada vətəndaşlarla siyasətçiləri üz-üzə qoyub. Bu isə Avropanın iqtisadi çətinliklərlə yanaşı, həm də siyasi böhranın astanasında olduğunu göstərir.
“Daily Telegraph” qəzeti yazır ki, böhran bu qış Avropanı qıtlıq və elektrik kəsintisi ilə təhdid edir, hətta böhranının Almaniya da daxil olmaqla ölkələri tənəzzülə sürükləyə biləcəyi ifadə edilir. Hazırda Almaniyada gözlər kansleri Olaf Şolza çevrilib. Qəzet Almaniyanın hazırkı hökumətinin həyata keçirdiyi siyasətin kansler Şolzun istefasına yol aça biləcəyini iddia edir. Qəzet, kansler Şolzun eyni anda həm NATO müttəfiqlərini, həm də Rusiyanı əlində saxlamağa çalışdığı, lakin bunun mümkün olmadığı və mövcud hökumətin tezliklə istefaya getmək məcburiyyətində qala biləcəyini yazır.
Digər tərəfdən Almaniyadan sonra Fransadan da enerji qənaəti bəyanatları birmənalı qarşılanmayıb. Rusiya qazı kəsildikdən sonra Fransada lazımsız küçə işıqlarının söndürüləcəyi xəbərləri Fransa müxalifətinin sərt tənqidləri ilə üzləşib.
Prezident Emmanuel Makron Fransa vətəndaşlarını Rusiya qazının tamamilə dayandırılmasına “hazır olmağa” çağırıb və alternativ mənbələrə müraciət etməli olduqlarını bəyan edib. Makron hökumətin enerjiyə qənaətlə bağlı plan hazırlayacağını açıqlayıb. Buna görə lazımsız küçə işıqları söndürüləcək. Ukrayna-Rusiya müharibəsinin davam edəcəyini bildirən Makron, deyib ki, Rusiya qidadan istifadə etdiyi kimi enerjidən də silah kimi istifadə edir: “Rus qazı olmadan yaşamaq məcburiyyətində qalacağımız ssenariyə özümüzü hazırlamalıyıq".
Avropa İttifaqı sanksiyalarının Fransanın alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olduğuna diqqət çəkən müxalifət partiyaları isə Makronu Rusiya prezidenti Vladimir Putini Ukraynadan çəkilməyə razı sala bilməməkdə günahlandırır.
Bir neçə gün əvvəl isə İngiltərədə səhiyyə və maliyyə nazirləri ilə birlikdə 50-yə yaxın hökumət rəsmisinin istefası ilə başlayan siyasi böhrandan sonra Baş nazir Boris Conson istefa verdiyini açıqladı.
Daha sonra Avropa İtaliyanın baş naziri Mario Draqinin istefa qərarı ilə sarsıldı. Ukraynadakı müharibəyə görə artan enerji qiymətləri ilə mübarizədə ailələrə və müəssisələrə dəstək olmaq üçün hökumət tərəfindən hazırlanan təxminən 23 milyard avro dəyərində iqtisadi yardım paketi koalisiya partiyalarından 5 Ulduz Hərəkatının (M5S) dəstəyi olmadan qəbul edildi və bu ölkədə böhrana səbəb oldu.
Hökumət səsvermədən keçsə də, Draqi 5 Ulduz Hərəkatının boykot qərarı ilə koalisiyanın dağıldığını əsas gətirərək istefa ərizəsini təqdim edib. Lakin prezident Sercio Mattarella Draqinin istefasını qəbul etmədiyi üçün hökumətin taleyi qeyri-müəyyən olaraq qalır.
5 Ulduz Hərəkatı ilə Draqi arasında ilk və ən böyük fikir ayrılığı Ukraynaya silah yardımı ilə bağlı olub. 5 Ulduz Hərəkatının lideri Konte silah dəstəyinin Ukraynada müharibəni uzatdığını iddia edərək İtaliya hökumətinin bu istiqamətdə dəstəyinə qarşı çıxır.
Tahir TAĞIYEV