İranın son bir ayda iki dəfə gizli şəkildə ölkəyə gələn Rusiya nümayəndə heyətlərinə “Şəhid-191” və “Şəhid-129” silahlı pilotsuz uçuş aparatlarını nümayiş etdirdiyi ortaya çıxıb.
CNN İnternational-ın əməkdaşı Nataşa Bertrandın ABŞ xüsusi xidmət orqanlarından əldə etdiyi görüntülərə görə, Rusiya nümayəndə heyəti iyunun 8-i və iyulun 15-də İrandakı bir hava limanına gələrək SİHA-lara baxış keçirib. Görüntülərdən məlum olub ki, yoxlama uçuşlarını Rusiya nəqliyyat təyyarəsi də havadan izləyib. Rusiyanın bu SİHA-lardan Ukrayna sahəsində istifadə edəcəyi gözlənilir.
CNN-ə danışan Amerika rəsmiləri Tehranın cənubundakı Kaşan hava limanında nümayiş etdirilən Şahid-191 və Şahid-129 SİHA-ların dəqiq idarə olunan raketlər daşıya biləcəyini bildiriblər. ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN-ə “Bizdə məlumat var ki, İran hökuməti Rusiyaya silahlı dronlar da daxil olmaqla bir neçə yüz PUA verməyə hazırlaşır. İranın bu yaxınlarda Rusiya nümayəndə heyətinə hücum dronlarını nümayiş etdirdiyini dəyərləndiririk” deyib və əlavə edib ki, bu, Rusiyanın İranın hücum pilotsuz təyyarələrinə maraq göstərdiyini sübut edib.
Bütün bunlar isə ABŞ prezidenti Co Baydenin İsrail, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinə səfərinin kölgəsində yaaşanır...
Tahir TAĞIYEV