Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya daşıyan “Şimal axını 1” boru kəməri ilə qaz nəqli təmir işləri ilə əlaqədar iyulun 21-dək dayandırılıb.
“Şimal axını 1”in saytında yer alan məlumata görə, hazırda Avropaya gündəlik 67 milyon kubmetr təbii qaz nəql edən boru kəməri iyulun 11-21-də texniki xidmətə götürüləcək.
İyunun 15-də Almaniyanın “Siemens” şirkətinə texniki qulluq üçün göndərilən bəzi texniki avadanlıqların hələ də geri qaytarılmadığına diqqət çəkən “Qazprom” “Şimal axını” boru kəməri ilə qaz nəqlinin azalacağı ilə bağlı xəbərdarlıq edib.
Xəbərdarlığın ardından sözügedən xətlə qaz nəqlində 40 faizi həcmində azalmalar başlayıb.
Avropa isə Rusiyanın Avropaya qaz tədarükünü daha da məhdudlaşdırmaq üçün planlaşdırılmış texniki xidmət müddətini uzada biləcəyindən ehtiyat edir. Qış üçün anbarlarını tam doldurmağı hədəfləyən Avropa ölkələri Rusiyanın atdığı bu addımların planlarını pozacağından narahatdır.
Tahir TAĞIYEV