Avropa İttifaqı Brüsseldə liderlərin məxfilik şəraitində görüşə biləcəyi təhlükəsiz sığınacaq tikmək üçün 8 milyon avro ayırıb. Liderlərin telefonları, saatları və dinləmə cihazları bunkerdə qadağan olunacaq.
Bununla bağlı Aİ layihəsini gördüyünü iddia edən EUobserver otağın 34-ə qədər lider və müvafiq işçi heyəti də daxil olmaqla, təxminən 100 nəfəri yerləşdirmək üçün hazırlanacağını bildirir.
2024-cü ilə qədər tikiləcək bunker Belçikanın paytaxtında Avropa Şurası kompleksində yerləşəcək. Tərcüməçi kabinələri simli mikrofonlardan ibarət olacaq.
Həm otaq, həm də bu kabinələr içəridən gələn elektromaqnit və radio dalğalarının xaricdən qəbulunun qarşısını almaq üçün “NATO sertifikatlı izolyasiya qəfəsi” ilə örtüləcək və içəri daxil olmaq istəyən hər kəsin, hətta təmizlikçilərin belə “SECRET EU” təhlükəsizlik icazəsinə ehtiyacı olacaq.
Obyektdə, hər hansı dinləmə cihazlarını aşkar etmək, tapmaq və zərərsizləşdirmək üçün görüşlərdən əvvəl və sonra axtarış aparılacaq və daxil olan hər kəsdən telefonlarını, noutbuklarını, ağıllı saatlarını, elektron açarları və eşitmə cihazlarını səs keçirməyən şkaflara qoyması xahiş olunacaq.
EUobserver yazıb ki, təhlükəsizliyə bu ciddi diqqət “Rusiya və ya digər gizli dinləyicilərin” qarşısını almaq məqsədi daşıyır. Bununla belə, Aİ-nin obyekti xüsusi təhlükəsizlik təhdidinə cavab olaraq, yoxsa ümumi ehtiyat üçün tikdiyi məlum deyil.
Tahir TAĞIYEV