Son 15 ildə İraqda hakim olan İran mərkəzli mədəni, iqtisadi, sosial və siyasi quruluşu dəyişdirməyi hədəfləyən İraq Milli Müxalifət Cəbhəsi qurulduğunu rəsmən elan edib. ABŞ-ın San Dieqo şəhərində ilk iclasını keçirən cəbhəyə rəhbər təyin olunan iraqlı professor İmad Hamis diqqətçəkən açıqlamalar verib.
Əsas məqsədlərinin güclü və böyük İraqı yenidən qurmaq olduğunu vurğulayan Hamis, deyib ki, çox yaxında meydana enəcəyik. İranı İraqdan tamamilə silib müstəqil siyasi idarə modeli quracağıq.
BMT, Avropa Birliyi və bir çox beynəlxalq təşkilatlarla, xüsusilə İslam dünyası ilə sıx əlaqədə olduqlarını qeyd edən İmad Hamis İraq torpaqlarında çox geniş bir toplantı təşkil etmək niyyətində olduqlarını deyib.
Hamis İraqda hazırda siyasi hökumətin qurulmasının mümkün olmadığını və prezidentin seçilə bilməyəcəyini bildirib: "İraq Milli Müxalifət Cəbhəsinin beynəlxalq legitimlik problemi olmayacaq. Biz hazırda İraqın sürgündə olan hökumətiyik. Lakin tezliklə bu struktur İraqı idarə edən siyasi gücə çevriləcək”.
Hamis imperiya işğalının elementi adlandırdığı İrandan İraq xalqının qurtulacağı günün uzaqda olmadığını deyib: “İraqın işğalından sonra ortaya çıxan bölünmüş mənzərə ən çox İranı gücləndirdi. Birincisi, siyasi hakimiyyət üzərində nəzarəti ələ keçirdilər. Sonralar hərbi və iqtisadi güc tamamilə Tehranın əlinə keçdi. Ölkəmiz 15 ildir ki, müstəmləkə modeli ilə idarə olunur. Bu vəziyyət həm ictimai birliyi zəiflətdi, həm də yoxsulluğu dərinləşdirdi. Bununla belə, İraqın çiçəklənən, qüdrətli bir ölkə olmaq üçün hər cür potensialı var.
Oktyabr İnqilabı İraq Milli Müxalifət Cəbhəsinin əsas dinamikasını təşkil edir. İranın başçılıq etdiyi işğala qarşı 900 şəhid verdik, 30 minə yaxın yaralımız oldu. Tezliklə bu ruh daha da güclənəcək. İraqda yeni sistem quracağıq. Orduda, siyasətdə, qeyri-hökumət təşkilatlarında və ictimaiyyət arasında çox böyük dəstəyimiz var.
Dəyişmiş demoqrafik quruluşu bərpa etməklə, sünni, şiə, ərəb, türkmən, kürd, süryani, müsəlman, xristian və yezididən asılı olmayaraq xalqımızı eyni dəyərlər ətrafında birləşdirəcəyik. Təbii ki, bunun asan olmayacağını bilirik, amma İraq xalqı İran müstəmləkəsindən xilas olmaq istəyir. Onlar bu iradəni nümayiş etdirdilər. Bütün dünya tezliklə İraqdakı dəyişikliyi görəcək. İranın rəhbərlik etdiyi siyasi sistem tamamilə dondurulub.
Saxtakarlığa əsaslanan və hətta 10 faiz seçicinin iştirak etmədiyi seçkilər keçirilirdi. Hazırda həmin saxta sistemlə edilən seçki nəticələrinə görə də administrasiya seçilə bilmir. Biz bu xaosa son qoyacağıq. Biz İraqda idarəetməni ələ keçirəcəyik və ilk öncə texnokratlar hökuməti quracağıq. Bundan sonra maksimum altı ay ərzində seçkilər keçirəcəyik və İraq xalqının seçiminə uyğun hökumətin vəzifəyə gəlməsini təmin edəcəyik”.
Tahir TAĞIYEV