Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Avropa Birliyi və İslahatları Komissarı Elisa Ferreyranı qəbul edib.
Baki-xeber.com-un məlumatına görə, görüşdən sonra Tatar bildirib ki, o, Lefkoşanın BMT vasitəsilə Kıbrısın yunan hissəsinin hakimiyyət orqanlarına təqdim etdiyi əməkdaşlıq təklifləri barədə Ferreyraya məlumat verib.
Prezident vurğulayıb ki, Kıbrısın türk icması adanın karbohidrogen ehtiyatlarına Kipr yunanları ilə bərabər iddia edir.
Tatar Kıbrısın Türkiyə ilə ada arasında çəkilə biləcək kabel vasitəsilə Aİ-nin enerji təchizatı sisteminə qoşulması məsələsində Ankaranın dəstəyinin vacibliyinə işarə edib.
Prezident qeyd edib ki, bu, həm KKTC-də, həm də adanın yunanhissəsində elektrik enerjisi çatışmazlığı problemini xeyli dərəcədə həll edəcək.
Tatar xatırladıb ki, Aİ-nin 1 milyard avroluq dəstəyinin bir hissəsi elektrik enerjisində qalıq yanacaqlardan istifadəni mərhələli şəkildə dayandırmaq üçün nəzərdə tutulub.
Tatar hesab edir ki, Türkiyə vasitəsilə Aİ-nin enerji təchizatı sisteminə qoşulsa, günəş enerjisindən istifadə problemi həll olunacaq.
KKTC rəhbərinin sözlərinə görə, Avropa komissarı bütün təklifləri diqqətlə dinləyib və Brüssel adından məsələni ətraflı öyrənəcəyinə söz verib.
Tatar həmsöhbətinə Lefkoşanın Kıbrıs nizamlanması məsələsində mövqeyini də bildirib.
Tatar bildirib ki, Aİ Kıbrıs məsələsinin həllində tərəfdir, lakin hələlik problemin suveren bərabərlik əsasında həlli üçün ortaq təməl yoxdur.