Özbəkistanda konstitusiya islahatlarına qarşı nümayişlərin keçirildiyi Qaraqalpaqstan Muxtar Respublikasında vəziyyət tam nəzarət altına alınıb.
Etirazlar kütləvi aksiyaya çevrildikdən sonra prezident Mirziyoyev regionda qanuni asayişi və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə avqustun 2-dək fövqəladə vəziyyət elan edib.
Özbəkistan hakimiyyəti insidentlərdə mülki şəxslər və hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla 18 nəfərin öldüyünü, 243 nəfərin yaralandığını açıqlayıb. Hadisələrdə 516 nəfər saxlanılarkən, Özbəkistan prezidenti Mirziyoyev xarici qüvvələrin Qaraqalpaqıstanda baş verən hadisələrə illərdir hazırlaşdığını bildirib.
Özbəkistan Milli Qvardiyasının komandanının müavini Dadabayev isə bəyan edib ki, hadisələrdə saxlananlar arasında əcnəbilər də var və istintaqın məxfiliyi səbəbindən təfərrüatları hələlik açıqlamaq mümkün deyil.
“Türkiyə” qəzetinə açıqlama verən Özbəkistanın İstanbuldakı baş konsulu Əmirsəid Agzamhodcaev də hadisələrin arxasında dağıdıcı qüvvələrin olduğunu və planlaşdırılmış təxribatla üz-üzə qaldıqlarını bildirib. O, konstitusiya islahatlarının bəhanə kimi göstərildiyini bildirib.
Özbəkistanda sabitliyi pozmaq istəyən mərkəzlərin məqsədinin vətəndaşları konstitusiyaya zidd fəaliyyətlərə sövq etmək və ölkənin birliyinə xələl gətirmək olduğunu bildirən Agzamhodcaev daha sonra bildirib: “Bizi tayfa və ərazi olaraq parçalamağa çalışırlar. Halbuki Qaraqalpaqıstanın sülhü və firavanlığı Özbəkistanın sülhü və firavanlığıdır. Biz birlikdə olanda güclüyük. Dağıdıcı xarici qüvvələr Özbəkistan prezidenti Şövkət Mirziyoyevin təşəbbüsü ilə başlanan regional əməkdaşlıq prosesinin qarşısını almaq istəyirlər. Bu səbəbdən ölkədə sabitliyi pozmağa çalışırlar. Hadisələrin ümumi gedişatına nəzər saldıqda görürük ki, onlar təkcə Özbəkistanda deyil, bütün Orta Asiyada xaos yaratmağa çalışırlar”.
Tahir TAĞIYEV