Yaxın Şərqdə "Ərəb NATO-su" yaradılır – Misirdə gizli görüşlərin keçirildiyi xəbərləri yayıldı

img

ABŞ-ın Yaxın Şərqdən tədricən geri çəkilməsi ilə bölgədə mərkəzi İsraildə olan “ərəb NATO-sunun” yaradıla biləcəyi iddiaları ortaya atılıb.

Xüsusi ilə İordaniya kralı II Abdullahın Yaxın Şərqdə NATO-ya bənzər hərbi ittifaqın qurulacağı təqdirdə onu dəstəkləyəcəyini açıqlaması məsələni gündəmə gəlib. İordaniya kralı ABŞ-ın CNBC telekanalına deyib: "Mən Yaxın Şərq NATO-nu dəstəkləyən ilk insanlardan biri olacağam. Hamımız bir araya gəlib "Bir-birimizə necə kömək edə bilərik?" deyirik. Məncə, bu, bu region üçün çox qeyri-adi haldır”.

Ərəb NATO-nun yaradılması ilə bağlı ifadələr başqa dairələrdə də səsləndirilib. İordaniya kralından əvvəl İsrailin müdafiə naziri Benni Qantz İsrailin ABŞ-ın rəhbərliyi ilə yaradılan “Yaxın Şərq Hava Hücumundan Müdafiə Alyansı” adlı birləşməyə qoşulduğunu açıqlayıb. Qantz bu ittifaqda başqa hansı ölkələrin olduğu barədə məlumat verməyib.

Bu həftənin əvvəlində “Wall Street Journal” qəzeti İsrail Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin hərbi rəsmilərinin müdafiə sahəsində əməkdaşlığı müzakirə etmək üçün Misirdə gizli görüşlər keçirdiklərini yazıb.

Qahirədəki “Əl-Əhram” Siyasi Araşdırmalar Mərkəzinin eksperti Əhməd əl-Səid Əhməd bildirir ki, Yaxın Şərqdə təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən ABŞ son illərdə tədricən regiondan çəkilib. Ekspertlər bildirirlər ki, mümkün müdafiə ittifaqı İsraillə diplomatik əlaqələri olan dövlətləri əhatə edəcək. Bu qrupa “İbrahim sazişi”ni imzalayan BƏƏ, Bəhreyn, Sudan və Mərakeş, həmçinin İsraillə artıq diplomatik əlaqələri olan İordaniya və Misir daxildir.

Səudiyyə Ərəbistanı, Oman, Qətər və Küveyt də alyansda rol oynaya bilər. Mümkün müttəfiqlik razılaşmasının vasitəçisi olacağı gözlənilən ABŞ, təbii ki, alyansda öz yerini tutacaq. Lakin müşahidəçilər bu qənaətdədirlər ki, bütün bu ehtimallara baxmayaraq, yaxın gələcəkdə Yaxın Şərqdən NATO tipli alyansın yaranması çətin olacaq.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər