Bolqarıstanla Rusiya arasında diplomatik qalmaqal - 70 rus diplomat Sofiyadan qovuldu

img

Bolqarıstanın Rusiya Federasiyasının Sofiya səfirliyində çalışan 70 diplomatı persona non-qrata elan etməsidən sonra diplomatlar ailə üzvləri ilə birlikdə 2 təyyarə ilə Moskvaya gediblər.

Bolqarıstanda istefa verən baş nazir Kiril Petkov ölkədən qovulan rus diplomatların casusluqla məşğul olduğunu iddia edib. Bolqarıstana tənqidi münasibət göstərən Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanova isə ikitərəfli münasibətlərin qırılma nöqtəsinə çatdığını bildirib: "Rusiya hökuməti bu hərəkətə qarşılıqlı, mümkünsə, asimmetrik şəkildə cavab verəcək. Təəssüf ki, Bolqarıstan hökuməti bolqar xalqını müharibəyə sürükləməyə çalışır, lakin bu məqsədə nail ola bilməyəcək".

Bolqarıstanın müdafiə naziri Draqomir Zakov isə Bolqarıstana hörmətsizlik edən Mitrofanovanın dərhal dəyişdirilməsini tələb edib. O, səfir Mitrofanovanın davranışını “qəbuledilməz” adlandırıb: "Bu, diplomatiya yolu ola bilməz. Əminəm ki, Rusiyanın diplomatik xidmətində öz ölkəsini daha uğurla təmsil edə biləcək peşəkarlar var. Dövlətinin siyasətindən asılı olmayaraq, hər bir diplomat qəbul edən ölkəyə hörmətlə yanaşmalıdır. Əvvəllər Mitrofanovanın persona non-qrata elan edilməsinə səbəb ola biləcək bir çox hallar olub”.

Kiril Petkov hökumətinin böyük rus diplomatlar qrupunu ölkədən çıxarmaq qərarı Avropa Birliyi və NATO-dan dəstək alıb.

Bolqarıstanda rusiyapərəst prezident Rumen Radev, kommunist əsilli hökumət partnyoru Bolqarıstan Sosialist Partiyası (BSP), parlamentdə təmsil olunan müxalifətçi populist rusiyayönlü Dirçəliş Partiyası və ölkədəki izdihamlı rus diasporu bu bəyanata sərt reaksiya verib.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər