Rusiya Ukraynanın şərqdəki son qalasını da ələ keçirdi, Lisiçanskda Sovet bayrağı qaldırıldı, Ukrayna isə Rusiyanın iki şəhərini vurdu… - YENİLƏNDİ

img

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın şərqdə “son qalası” kimi tanınan Lisiçansk şəhərinin tamamilə Rusiya ordusunun nəzarətinə keçdiyini açıqlayıb

Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, Şoyqu Rusiya prezidenti Vladimir Putinə Rusiya ordusunun Ukraynadakı əməliyyatı barədə məlumat verib.

Ukraynanın Luqansk bölgəsində Rusiya qüvvələrinin irəlilədiyini qeyd edən Şoyqu, Lisiçansk şəhəri və Beloqorivka, Novodrujesk, Maloryazantseve və Belaya Qora yaşayış məntəqələri üzərində nəzarətin ələ keçirildiyini deyib.

Ukrayna isə bu iddianı təkzib edib. Ukraynanın məlumatına görə, şəhər güclü hücuma məruz qalsa da, şəhərin mərkəzi hələ də Ukraynanın nəzarəti altındadır. Rusiyayönlü separatçılar şəhərin mərkəzinə daxil olduqlarını bildirirlər. Rusiya mediası bir qrup separatçı hərbçinin və ya Rusiya hərbçilərinin şəhərin mərkəzinə yürüş etməsini göstərən video yayıb.

Bəzi rus mənbələri də bərbad vəziyyətdə olan bələdiyyə binası üzərində Sovet İttifaqı bayrağının asıldığını göstərən video paylaşıblar, lakin bu video müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Lisiçansk, Donbasın sənaye bölgəsinin bir hissəsi olan Luqanskda Ukraynanın nəzarətində qalan sonuncu şəhəridir. Rusiya keçən ay bu bölgədə Severodonetsk şəhərini ələ keçirib.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov isə Rusiya qüvvələrinin Ukraynada irəliləyişini davam etdirdiyini, Verhnekaminka, Zolotorivka və Biliqorevka yaşayış məntəqələrinin nəzarət altına alındığını bildirib.

Konaşenkov Ukrayna qüvvələrinin bütün istiqamətlərdə itki verdiyini, Donetskdəki Maryinka qəsəbəsində isə Ukrayna hərbçilərinin qoşun və texnikasının təxminən 60 faizini itirdiyini iddia edib.

Rusiya silahlı qüvvələrinin Ukraynadakı hərbi ünsürlərə hücumlarını davam etdirdiyini ifadə edən Konaşenkov, Xarkov vilayətində 100-ə yaxın Ukrayna əsgəri və 15 hərbi texnikanın yüksək dəqiqlikli silahlarla məhv edildiyini bildirib.

"Rusiya silahlı qüvvələri Mikoliv şəhərində əcnəbi muzdlu döyüşçülərin yerləşdiyi mərkəzə zərbələr endirib. Hücum zamanı 120-yə yaxın döyüşçü məhv edilib", - Konaşenkov bildirib.

Konaşenkov bildirib ki, Ukrayna rəhbərliyi Rusiyanın Belqorod və Kursk şəhərlərində mülki əhalinin yaşadığı məhəllələrə "Toçka-U" ballistik raketləri və "Tu-143 Reys" pilotsuz uçuş aparatları ilə gecə hücumları həyata keçirib.

Sözügedən bölgələrdə hərbi obyektlərin olmadığını ifadə edən Konaşenkov deyib ki, bu raket hücumu Rusiya şəhərlərində mülki şəxslərə qarşı planlaşdırılıb və həyata keçirilib.

Ukraynanın atdığı raketlərin Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən havada məhv edildiyini qeyd edən Konaşenkov bildirib ki, vurulan bir raketin hissələri mülki əhalinin yaşadığı evin üzərinə düşüb.

Bundan əlavə Konaşenkov deyib ki, Kurska doğru gələn 2 ədəd “Tu-143 Reys” pilotsuz uçuş aparatı da Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov da hadisə zamanı şəhərdə 40 evin zərər gördüyünü, 4 nəfərin həyatını itirdiyini, 4 nəfərin yaralandığını bildirib.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər