Türkiyə İsveç və Finlandiya ilə bağlı NATO-dan istədiyini alıb və İsveç və Finlandiya qarşısında çox kritik öhdəliklər qoyulub.
Türkiyə mediası yazır ki, Prezident Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, İsveçin Baş naziri Maqdelena Andersson və NATO-nun baş katibi Jens Stoltenberq dördtərəfli görüşdə bir araya gəlib.
Görüşdən sonra Türkiyə, İsveç və Finlandiya arasında Finlandiya və İsveçin NATO-ya üzvlük proseslərinə dair üçtərəfli memorandum imzalanıb.
Terror təşkilatı PKK-ya verdiyi dəstəyə görə, İsveç və Finlandiyaya sərt reaksiya verən Türkiyə dördtərəfli görüşdən istədiyini alıb. İsveç və Finlandiya üzərinə öhdəliklər götürüb ki bunlar da aşağıdakılardır:
- PKK və onun uzantılarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq.
- Bütün forma və təzahürləri ilə terrorizmlə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirmək.
- PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi.
- Müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qoyulmaması, əməkdaşlığın artırılması.
- Terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi.
- Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması.
- Terrorçu cinayətkarların ekstradisiyası ilə bağlı konkret addımların atılması və ikitərəfli müqavilələrin bağlanması.
- PKK, onun qolu və ona bağlı təşkilatların ianə toplama və adam cəlbetmə fəaliyyətinin qadağan edilməsi və onların araşdırılması.
- Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması.
- Finlandiya və İsveçin PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) daxil olmaqla Aİ təhlükəsizlik mexanizmlərində ən geniş iştirakının dəstəklənməsi.
- Bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması.
Türkiyənin bu qazancları əldə etməsində prezident Ərdoğanın qətiyyətli mövqeyinin təsirli olduğu bildirilib.
Tahir TAĞIYEV