Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatların beşinci ayında müdafiə naziri Sergey Şoyqu ilk dəfə Ukraynaya səfər edib. Rusiyanın müdafiə naziri helikopterlə getdiyi Ukraynada rus qoşunlarına baxış keçirib.
Qərargah və komandirlərin iştirak etdiyi toplantıda nazir Şoyqu rus əsgərinin motivasiyası, hərbi taktika, ümumi əməliyyat məlumatları və qarşıdurmaların davam etdiyi şəhərlər barədə məlumat alıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir: "O, Rusiya Silahlı Qüvvələrinin əsas əməliyyat bölgəsindəki mövcud hərəkət və vəziyyət haqqında məlumat alıb. Şoyqu münaqişə zamanı dəstək əməliyyatları, eləcə də müvəqqəti dislokasiya məntəqələrində rus əsgəri üçün zəruri yaşayış şəraitinin yaradılmasına xüsusi diqqət yetirib”.
Rusiya Müdafiə Nazirliyinin yaydığı kadrlarda Şoyqunun hərbi helikopterlə enişi görünür. Görüntülərdə nazir Şoyqunun komandirlərlə Ukraynadakı döyüş xəritəsi üzərində işlədiyi görünür. Kameranın xəritəni göstərməməsi, Şoyqunun və komandirlərin səslərinin efirə verilməməsi isə diqqət çəkib.
Digər tərəfdən, Rusiya ordusu səfərin hansı şəhərdə baş tutduğunu açıqlamayıb.
Tahir TAĞIYEV