Ukraynanın şərqindəki Severodonetsk şəhəri aylarla davam edən qarşıdurmalardan sonra tamamilə rusların əlinə keçib.
Severodonetsk meri Oleksandr Stryuk da rusların şəhəri tamamilə tutduğunu təsdiqləyib. Ukrayna ordusu Rusiya qüvvələrinə müqavimət göstərən ukraynalı əsgərlərin şəhərdən geri çəkildiyini də açıqlayıb. “Çəkildikdən sonra düşmən şəhərdə öz mövqelərini möhkəmləndirir”, - ordunun bəyanatında deyilir.
Ukrayna hərbi kəşfiyyatı taktiki üstünlük əldə etmək üçün Severodonetskdən geri çəkilən əsgərlərin yenidən Lisiçanskda yüksək hündürlüklərə yerləşdirildiyini açıqlayıb. Rusların bəzi əsgərlərlə birlikdə yüzlərlə dinc sakinin sığındığı şəhərdəki Azot kimya zavodunu bombalamağa davam etdiyi bildirilir.
Bundan əvvəl Ukraynanın şərqindəki Luqansk vilayətinin qubernatoru Serhiy Haydai qoşunlara mühasirədə olan Severodonetsk şəhərindən geri çəkilmək əmri verildiyini açıqlayıb. Luqansk qubernatoru bəyan edib ki, artıq ukraynalı əsgərlərin məhv edilmiş mövqelərdə qalmasının mənası yoxdur. “Ruslar şəhərin infrastrukturunu dağıdıb”, - deyən qubernator Ukrayna əsgərlərinin yeni mövqelərə yerləşdiriləcəyini bildirib. O əlavə edib ki, ərazidəki evlərin 80 faizi dağılıb və ya ciddi şəkildə zədələnib.
Luqansk vilayətində Ukraynanın nəzarətində olan Lisiçansk şəhərində isə ukraynalı əsgərlərin ruslara müqaviməti davam edir. Ukrayna qoşunları Severodonetskdən geri çəkilməyə başladıqdan sonra Rusiya qüvvələrinin Lisiçanski cənubdan mühasirəyə almağa çalışdığı bildirilir.
Bölgədəki rusiyayönlü separatçı qüvvələrin sözçüsü Andrey Maroçko onun qoşunlarının Lisiçanska daxil olduğunu və şəhərin mərkəzində toqquşmaların yaşandığını iddia edib. O, Rusiyanın bölgəyə əlavə qüvvələr gətirdiyini də bildirilib.
Tahir TAĞIYEV