Rusiya Ukraynada iki ABŞ əsgərini əsir götürdü - Bayden amerikalılara səsləndi: "Ukraynaya getməyin"

img

Rusiya Ukraynadakı döyüşlərdə iki ABŞ əsgərini əsir götürüb. Xarkov yaxınlığında əsir götürülən keçmiş amerikalı əsgərlər Rusiyanın rəsmi televiziyasına çıxarılıb.

Rusiyanın RT televiziyasının müxbiri Roman Kosarev sosial şəbəkədə keçmiş əsgər Aleksandr Druekenin kamera qarşısında danışdığını əks etdirən video yayıb. Daha bir amerikalı Endi Huynhın göründüyü video RT kanalının rəsmi hesabından paylaşılıb.

Videoda onun sağ olduğunu anasının bilməsini istədiyini deyən Aleksandr Drueke tezliklə geri qayıdacağına ümid etdiyini dilə gətirib. Endi Huynh deyib ki, Xarkov ətrafında geri çəkildikdən sonra Drueke ilə birlikdə saatlarla gizləniblər, sonra rus əsgərlərinə təslim olublar.

İki amerikalı da kameraya müharibəyə qarşı olduqlarını deyiblər.

Rusiya mediasının yaxın günlərdə təbliğat məqsədilə amerikalı döyüşçüləri daha çox efirə çıxaracağı gözlənilir.

ABŞ Dövlət Departamenti vəziyyəti yaxından izlədiyini açıqlayıb. ABŞ prezidenti Co Bayden isə Ağ Evdə keçirdiyi mətbuat konfransında Amerika vətəndaşlarını Ukraynaya getməməyə çağırıb: "Amerikalılar hazırda Ukraynaya getməməlidir. Bir daha deyirəm: Amerikalılar Ukraynaya getməməlidir".

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər