ABŞ-da rekord qıran benzin qiymətlərinin orta hesabla 5 dollardan çox bahalaşmasından sonra prezident Co Bayden ölkədəki neft şirkətlərini hasilatı artırmağa çağırıb.
Bayden ölkənin ən böyük neft tədarükçüləri olan ExxonMobil, Chevron, BP və Shell kimi şirkətlərə ölkədəki benzin qiymətləri ilə bağlı məktub yazıb.
Rusiya-Ukrayna müharibəsinin başladığı gündən bu yana ölkədə benzin qiymətlərinin orta hesabla 1,70 dollar artdığına diqqət çəkən Bayden, Amerika xalqının yaşadığı maliyyə çətinliklərinə görə Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını deyib.
Digər tərəfdən Bayden, bu prosesdə neft emalı zavodlarının mənfəət marjasındakı rekord artımın ictimaiyyət üzərində iqtisadi təzyiqi artırdığını vurğulayıb: "Şirkətlərinizin hələ də neft, dizel və digər neft məhsullarının istehsal və tədarükünü artırmaq üçün təcili addımlar atmaq şansı var".
Məktubunda Bayden bildirib ki, o, neft emalı zavodlarının gücünü artırmaq üçün tezliklə federal səlahiyyətlərindən istifadə edəcək.
Tahir TAĞIYEV