Rusiyanın Ukraynanı işğal etmək cəhdindən 3 aydan çox vaxt keçib. Müharibənin ilk günündən tətbiq edilən sərt sanksiyalar qarşısında bir addım da geri çəkilməyən Rusiya ordusu hücumlarını davam etdirir.
Polşanın keçmiş müdafiə və xarici işlər naziri, hazırda Avropa Parlamentinin (AP) üzvü olan Radoslav Sikorski Rusiyanı qəzəbləndirəcək və gərginliyi artıracaq bir təkliflə gündəmə gəlib.
Ukraynadakı vəziyyəti yaxından izlədiklərini deyən Sikorski, Ukraynanın müstəqilliyini bərpa etməsi üçün ona nüvə silahı verilməli olduğunu təklif edib: "Ukraynanın 1994-cü ildə Budapeşt Memorandumunun imzalanmasından sonra nüvə potensialından imtina etdiyi məlumdur. O vaxt hamı Ukraynanın sovet dövründə müəyyənləşdirilən sərhədlər daxilində müstəqil ölkə olacağını anlayırdı. Ancaq Rusiya Budapeşt memorandumunu pozduğuna görə, hesab edirəm ki, Qərb olaraq bizim Ukraynaya nüvə dəstəyi vermək haqqımız var”.
Sikorskinin fikrincə Rusiyanın nüvə silahı ilə hücum etmək cəsarəti yoxdur: “Putinin NATO ərazisinə nüvə silahı ilə hücum etməyə cəsarət edəcəyini düşünmürəm.
Bəyanatlardan başqa hazırda bu istiqamətdə heç bir hazırlıq görmürəm. Rusiyada xüsusi hazırlanmış anbarlarda saxlanılan bir neçə min taktiki döyüş başlığı var. Biz müttəfiqlərimizlə vəziyyəti yaxından izləyirik”.
Tahir TAĞIYEV