Rusiya-Ukrayna müharibəsində gərginlik yenidən artıb. ABŞ-ın Ukraynaya yeni dəstək paketi çərçivəsində çoxsaylı raket sistemləri ilə bağlı açıqlamalar verən Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Kiyevə çoxsaylı raket sistemləri verməsinə sərt reaksiya verib və Vaşinqtonun məqsədinin Ukraynadakı silahlı münaqişəni uzatmaq olduğunu bildirib.
ABŞ-ın Ukraynaya çoxsaylı reaktiv yaylım atəşi sistemləri tədarükünün mahiyyətcə heç nəyi dəyişmədiyini deyən Putin xatırladıb ki, Ukrayna ordusunda əvvəllər Rusiya və Sovet İttifaqının “Qrad”, “Smerç”, “Uraqan” kimi çoxbarrelli reaktiv yaylım atəşi sistemləri olub. Bu cür silahların mənzilinin sistemin özündən deyil, istifadə edilən raketlərdən asılı olduğuna diqqət çəkən Putin, uçuş məsafəsinin Ukraynaya verilən raketlərin növünə görə 45-70 kilometr olduğunu, “Qrad”, “Smerç” və “Uraqan” raketlərinin də 40-70 kilometr mənzilli olduğunu söyləyib.
Buna görə də bunun yeni bir şey olmadığını vurğulayan Putin ABŞ və digər ölkələrdən Ukraynaya bu cür silahların çatdırılmasının yalnız Kiyevin hərbi texnika itkilərinin kompensasiyası ilə əlaqələndirilə biləcəyini deyib: “Mən hesab edirəm ki, əlavə çatdırılma ilə bağlı bütün bu təlaşın bir məqsədi var: silahlı münaqişəni mümkün qədər uzatmaq”.
Rusiyanın Ukraynaya daha uzunmənzilli raketlər gətiriləcəyi təqdirdə bundan nəticə çıxaracağını deyən Putin bildirib: "O zaman raketlərə ehtiyac var. Bəli, əgər onlar (uzaqmənzilli raketlər) gətirilsə, o zaman bundan müvafiq nəticə çıxaracağıq və əlimizdə kifayət qədər olan məhvedici vasitələrdən hələ vurmadığımız hədəfləri məhv emək üçün istifadə edəcəyik”.
Tahir TAĞIYEV