Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə bağlı açıqlamalarına Ukrayna sərt reaksiya verib.
Xatırladaq ki, Makron Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib. Rusiya-Ukrayna müharibəsinin qızışması risqinin olub-olmaması ilə bağlı suala cavab verən Makron, vəziyyətin narahatedici olduğunu, ona görə də 2021-ci ilin dekabrından bu yana Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqların sayını bilmədiyini deyib. Makron bildirib ki, bu danışıqlar şəffaf şəkildə və Ukrayna prezidenti Zelenskinin tələbi əsasında baş tutub.
“Putinin xalqı, özü və tarix üçün fundamental və tarixi səhv etdiyini düşünürəm və mən bunu ona da dedim”, - Makron bildirib.
Fransa prezidenti Putinin özünü təcrid etdiyini və bu vəziyyətdən çıxmasının çox çətin olduğunu deyib.
"Rusiyanı aşağılamamalıyıq ki, müharibə dayandığı gün diplomatik yolla çıxış yolu qura bilək. Fransanın rolunun vasitəçi olduğuna inanıram" - Makron deyib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə Makronun məhz bu sözlərinə sərt reaksiya verib. "Rusiyanı alçaltmaqdan çəkinmək çağırışları yalnız Fransanı və bu çağırışı edən bütün digər ölkələri aşağılaya bilər. Özünü alçaldan Rusiyadır", - Kuleba bildirib
Tahir TAĞIYEV