Rusiyalı oliqarx Roman Abramoviç Avropa İttifaqının (Aİ) mart ayında tətbiq etdiyi sanksiyalara qarşı hüquqi prosesə başlayıb.
Məlumata görə, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Aİ-nin sanksiya siyahısına daxil edilən “Çelsi” futbol komandasının keçmiş sahibi Abramoviç Avropa Şurasının qərarına qarşı Lüksemburqda Aİ Ümumi Məhkəməsində iddia qaldırıb.
Qeyd edək ki, Aİ martın 15-də rusiyalı milyarder Abramoviçə qarşı sanksiyalar tətbiq etməyə başlayıb, onun aktivlərini dondurub və səyahət qadağası qoyub. Avropa Şurasının sanksiya qərarında bildirilirdi ki, Abramoviç Rusiya prezidenti Vladimir Putinlə uzun və yaxın əlaqələri olan oliqarxdır və çox yaxşı münasibətlər saxlayır.
Rusiya lideri ilə əlaqənin Abramoviçə sərvətinin qorunmasına kömək etdiyi iddia edilən qərarda, onun əsas səhmdarı olduğu “Evraz” şirkətinin ölkədəki ən böyük vergi ödəyicilərindən biri olduğu və Rusiya qərar vericilərindən faydalandığı bildirilib. .
Rusiya, İsrail və Portuqaliya vətəndaşlığı olan Abramoviç İngiltərə hökumətinin sanksiya qərarından sonra "Çelsi" komandasını satmaq məcburiyyətində qalıb.
Tahir TAĞIYEV