Donbas bölgəsində qələbə qazanmağı hədəfləyən Rusiya qoşunları Severodonetsk və Lisiçanski şəhərlərini ələ keçirməyə çalışır. Ukrayna rəsmiləri Rusiyanın bombardmanı nəticəsində Luqansk və Donetsk arasında yerləşən şəhərin kritik infrastrukturunun məhv edildiyini, Severodonetskin böyük bir hissəsinin xarabaya çevrildiyini açıqlayıb.
Şahidlərin dediyinə görə, Rusiya tankları və qoşunları şəhərin mərkəzinə doğru irəliləyir. Şəhərdə şiddətli küçə toqquşmaları baş verir.
Luqansk vilayətinin qubernatoru Serhiy Qaydai da Rusiya qoşunlarının şəhərə girdiyini təsdiqləyib: "Rusiya ordusu eyni taktikadan istifadə edirlər. Bir neçə saat ard-arda artilleriya mərmiləri atırlar, sonra isə hücuma keçirlər".
Şahidlərin dediyinə görə, Rusiya qüvvələri istehkam xətlərini kəsib bölg
ədəki ukraynalı müdafiəçiləri mühasirəyə almağa çalışır. Şəhərin meri Oleksandr Striuk rus qoşunlarının şəhər mərkəzinə doğru irəlilədiyini təsdiqləyib. O, Ukrayna qüvvələrinin rusları küçə döyüşlərinə sövq etmək üçün vuruşduğunu və şəhərdə qalan 12-13 min dinc sakinin xilas olmaq üçün zirzəmilərə və bunkerlərə sığındığını bildirib.
Yerli hakimiyyət orqanları Rusiyanın Severodonetskdə hücumları nəticəsində təxminən 1500 mülki şəxsin həlak olduğunu təxmin etdiklərini açıqlayıb. Striuk, şəhərin tamamilə viran qaldığını və qurbanların sayının hər saatda artdığını, lakin küçə döyüşlərində ölənlər və yaralıların sayını bilmədiklərini deyib.
Rusiya qoşunlarına Ukraynanın əlində olan son iki şəhəri ələ keçirmək üçün “intihar missiyası” adı verilən tapşırıq verildiyi iddia edilir. Rusiya bu iki şəhəri ələ keçirməklə bölgəyə nəzarəti ələ keçirmək istəyir. Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik bölgədə döyüşlərin maksimum intensivliyə çatdığını bildirib. Qeyd edib ki, ən şiddətli toqquşmalar Severodonetsk, Baxmut və Xarkov istiqamətlərində gedir. Kiyevdəki mənbələr indiki vəziyyətdə Ukrayna birliklərinin bir neçə həftə dayana biləcəyini deyib. Rus qoşunları şəhərə saatda 200-dən çox bomba atır. Hətta şəhərdə küçə döyüşlərinin başladığı barədə də məlumatlar var.
Digər tərəfdən, qarşıdurmalara görə mülki şəxslərin təxliyyə edilməsinin mümkün olmadığı bildirilir.
Tahir TAĞIYEV