Rusiyalı milyarderlər Qərb dövlətləri yaxtalarını ələ keçirdikdən sonra yeni tədbirlər görməyə başlayıblar.
“The Guardian” yazır ki, bəzi superyaxtalar AIS adlı avtomatik identifikasiya sistemlərini söndürür və okean radar izləmə sistemlərində izlərini itirirlər. Bu yaxtalardan bəziləri Oleq Deripaskaya aid 72 metr uzunluğunda “Clio”, Vahid Ələkbərova aid 70 metrlik “Qalaqtika Supernova” və Viktor Raşnikova aid “Ocean Victory” olduğu bildirilir.
Rusiyalı oliqarxlardan birinə məxsus yaxtada işləyən bir nəfər onlara AIS sistemini bağlamaq göstərişi verildiyini və buna görə də sistemi birdəfəlik sökdüklərini bildirib.
Dəniz qaydalarına əsasən, AIS sistemi hərəkətdə olan və ya lövbərdə olan, çəkisi 300 tondan çox olan bütün qayıqlarda işə salınmalıdır. Gəmilərə yalnız limanda olarkən sistemi söndürməyə icazə verilir.
Dünya üzrə dənizlərdə ümumilikdə 9300 dəbdəbəli yaxtanın olduğu və onların 10 faizinin rus oliqarxlarına aid olduğu bildirilir. Fevralın 24-də Rusiyanın Ukraynaya hücumlarının başladığı vaxtdan bəri Qərb tərəfindən rusiyalı milyarderlərə məxsus ən azı 13 yaxtaya əl qoyulub.
Tahir TAĞIYEV