Avropa İttifaqı (Aİ) ilin sonuna qədər Rusiyadan neft idxalını 90 faizə qədər azaltmaq qərarına gəlib.
Aİ Şurasının sədri Şarl Mişel Aİ ölkələrinin Rusiya neftinin idxalına qadağa qoymağa razılaşdıqlarını açıqlayıb. Mişel bəyan edib ki, qadağa Rusiya neftinin idxalının 2/3-dən çoxunu əhatə edir.
Son qadağa Brüsseldə keçirilən sammitdə təsdiqlənmiş Rusiyaya qarşı altıncı sanksiyalar paketinin bir hissəsidir. Mişel həmçinin bəyan edib ki, Aİ Rusiyanın ən böyük bankına və dövlətə məxsus üç yayım qurumuna qarşı sanksiyaları təsdiqləyib.
Macarıstan, Slovakiya və Çexiyanın enerji ehtiyaclarına görə, Rusiya neftinə qarşı sanksiyalara etirazlarını davam etdirdiyi bildirilir.
Bu arada, Rusiya rublla ödəmə etməkdən imtina edən Hollandiyaya sabahdan etibarən qaz nəqlini dayandıracağını açıqlayıb. Rusiya prezidenti Vladimir Putinin Rusiyanın Ukraynaya hücumlarından sonra imzaladığı fərmana əsasən, Rusiyadan qaz alan ölkələrin ödənişlərini rus valyutası rublla həyata keçirməsi qərara alınıb. Bu qərara əməl etməyən bəzi ölkələrə Rusiya tərəfindən qaz nəqli dayandırılır, Hollandiya da bu ölkələr siyahısına daxil edilib.
Bundan başqa, Danimarka da Rusiyaya ödənişləri rublla etməkdən imtina edib və bu ölkəyə də qaz ixracının dayandırılacağı bildirilir.
Tahir TAĞIYEV