Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə son zamanlar Ukraynanın şərq və cənub bölgələrində daha da güclənib.
Donbasda şiddətli qarşıdurmaların getdiyi, Rusiya qüvvələrinin mühüm sənaye şəhərləri Severodonetsk və Lisiçanskı mühasirəyə aldığı bildirilir. Ukraynadan gələn açıqlamalar da bunu təsdiqləyir. Rusiya qüvvələrinin şiddətli müqavimətə baxmayaraq, Ukraynanın şərqindəki Severodonetsk şəhərinin mərkəzinə yaxınlaşdığı açıqlanıb. Rusiya Severodonetsk və Lisiçanskı tutsa, bütün Luqansk vilayətinə nəzarəti ələ keçirmiş olacaq.
Luqansk vilayətinin qubernatoru da sosial şəbəkədə rusların Severodonetskin mərkəzinə doğru irəlilədiyini açıqlayıb: “Döyüşlər davam edir. Vəziyyət çox ağırdır”.
ABŞ mətbuatının yazdığına görə, Rusiya uğurlu olarsa, bu addım ərazini müdafiə edən Ukrayna qoşunlarını tələyə salacaq və Rusiyanın Ukrayna hökumətinin şərqdəki əsas inzibati və hərbi mərkəzi olan Kramatorska yolunu açacaq.
Tahir TAĞIYEV