Ukraynada böyük itkilər verən Rusiya ordusu hücumlarını davam etdirir. Son vaxtlar cəbhədə ağır silah və texnikalardan istifadə edən Rusiya 1960-cı illərdə Sovet İttifaqının istehsal etdiyi tankları da qarajlardan çıxararaq cəbhə xəttinə göndərib.
Ukrayna 30 mindən çox rus əsgərinin öldürüldüyünü, 1300-dən çox rus tankının məhv edildiyini bildirir. Ukrayna tərəfindən vurulan rus generallarının sayı isə 10-u keçib. Son məlumatlara görə, Putinin ən yaxşı paraşütçü komandiri də öldürülüb. 34 yaşlı polkovnik-leytenant Aleksandr Fileqayev Rusiyanın ən yaxşı paraşütçü komandiri kimi tanınırdı.
Qızıl Meydandakı yürüşlərdə iştirak edən və çoxlu medallara sahib olan Fileqayev 104-cü paraşüt alayının komandiri idi. Sözügedən alay rusların yüzlərlə dinc sakini qətlə yetirdiyi Buçada da olub.
Rus ordusunun daha bir itkisi polkovnik Vladimir İvanovdur. Məlum olub ki, əvvəllər Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiyalar bölməsində xidmət edən 41 yaşlı polkovnik İvanov mart ayında Ukraynada öldürülüb.