Rus işğalçıları Donbasın Severodonetsk şəhərinə davamlı olaraq hücum edir, havalar isindikcə cəbhə xəttindən meyit qoxusu yüzlərlə metrlərə yayılır.
Ukraynanın şərqindəki Donbasda Luqansk və Donetski ələ keçirməyi hədəfləyən Rusiya ordusu Ukraynanın bölgədə nəzarətində olan ən böyük şəhər Severodonetskin qapısına dayanıb.
Luqansk qubernatoru Sergey Hayday vəziyyəti "çox çətin" adlandırıb və şiddətli toqquşmaların davam etdiyini bildirib. Hayday deyir ki, rus ordusu bütün silahları ilə hücuma keçərək hava zərbələri endirir.
Rus işğalçıları Severodonetskin kritik infrastruktur obyektlərini məhv edirlər. Şəhərdə işıq, su, qaz yoxdur. Kiyevlə əlaqə yalnız İlon Maskın göndərdiyi Starlink vasitəsilə həyata keçirilir.
Rusiya artilleriyasının 5 saat davam edən davamlı bombardmanı təkcə Severodonetski deyil, Luqansk vilayətində də 1 milyon insanı susuz qoyub.
Günlərdir Rusiyanın hücumuna məruz qalan Severodonetskdə binaların 90 faizi dağılıb.
Havanın istiləşməsi ilə cəbhə xəttindən yüzlərlə metr aralıda kəskin meyit iyi yayılıb. Ukrayna hakimiyyəti bildirir ki, ruslar ölən əsgərlərinin cəsədlərini götürməyiblər.
Severodonetskdən olan dinc sakinlər hələ də Ukraynanın əlində olan qonşu Lisiçansk şəhərinə təxliyə edilir. Rəsmilər Lisiçansk-Baxmut yolundan istifadənin təhlükəli olduğunu bildirir.
BBC-yə danışan ekspertlər bildirir ki, Ukrayna Severodonetsk ilə bağlı kritik qərarla üz-üzədir. Qeyd edilir ki, şəhərdəki Ukrayna qoşunları bütün cəbhələrdən mühasirəyə alına və ya daha təhlükəsiz olan qərbə çəkilə bilərlər: "Ukraynanın Severodonetskdə 4 batalyon əsgəri var və ruslar onları mühasirəyə almağa çalışır. Əgər belə olsa, həmin batalyonlar ciddi problemlə üzləşəcək".
ABŞ başda olmaqla Qərb ölkələrinin silah göndərdiyi Ukrayna yeni uzaqmənzilli silahların Donbasdakı müharibənin taleyini həll edəcəyini bildirir. Kiyev administrasiyasından son günlər ABŞ və digər müttəfiqlərinə uzaqmənzilli silahlar verilməsi çağırışları artıb.
Tahir TAĞIYEV