Rusiya ilə Ukrayna arasında müharibə 3 ayı geridə qoydu. Rusiya ordusunun hücumlarına baxmayaraq, Ukrayna müqavimət göstərməkdə davam edir.
Son vaxtlar isə Putin Ukraynada ən ağır silahlarını işə salmağa başlayıb. Ukraynaya havadan və qurudan hər vasitə ilə hücum edən və ötən həftələrdə “Terminator” ləqəbli tankları və lazer silahlarından istifadə edən Rusiya, bu dəfə istifadəsi qadağan edilən termobarik silahlarla vurmağa başlayıb.
Ukrayna isə TOS-1A termobarik reaktiv yaylım atəşi sistemləri ilə törədilən hücumun görüntülərini sosial mediada paylaşaraq NATO-ya müraciət edib.
Bombanın nə vaxt baş verdiyi hələlik bəlli deyil. Vakuum bombaları da adlandırılan termobarik silahlar ətrafdakı havadan oksigeni istehlak edən yüksək enerjili partlayıcılardır. Bu, adi bombadan daha yüksək temperaturlu partlayış və daha uzun müddət, daha yüksək təzyiqli partlayış dalğası yaradır. Bu, bombanı xüsusilə şəhər mühitində daha da ölümcül edir.
Son dərəcə güclü və şokedici olan bu silahlar insan orqanlarını partlatacaq qədər təsirli və qorxuncdur. Bomba elə dağıdıcı təsirə malikdir ki, hətta insan orqanizmini buxarlandıra bilir.
Termobarik silahlarla edilən hücumda ətrafda dalğalı şəkildə partlayışlar baş verir. Yanacaq və oksigen nəticəsində baş verən partlayış binalara və digər obyektlərə ciddi ziyan vurur.
Cəhənnəm silahı kimi tanınan "Solntsepek" 2001-ci ildə T-72 tankının şassisi üzərində hazırlanıb. Sistem qabaqcıl buraxılış rampası və avtomatik hədəf aşkarlama sistemi ilə təchiz olunub. Yüngül zirehli maşınların və avtomobillərin məhv edilməsi, konstruksiyaların və binaların yandırılması və dağıdılması üçün nəzərdə tutulub.
Sistemin idarə olunmayan termobarik və yanan raketlərlə intensiv hücum zamanı hədəf bölgədə yaranan qəlpə və şok dalğası sayəsində açıq sahədə və istehkamlarda düşmən əsgərlərinin məhv edilməsində təsirli olduğu bildirilib.
Tahir TAĞIYEV