ABŞ-ın keçmiş dövlət katibindən çox mübahisəli açıqlama… Ukrayna torpaqlarını Rusiyaya güzəştə getməlidir?

Qərbin Ukraynaya münasibəti dəyişir…

img

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib ki, Avropa Ukraynanı Rusiyanın şərtlərini qəbul etməyə məcbur etməlidir.

Sabiq nazir Qərb mətbuatında müzakirə obyektinə çevrilən sözlərini İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda səsləndirib.

Soyuq müharibə dövründə ABŞ-ın xarici siyasətinin formalaşmasında mühüm rol oynamış Kissincer bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün Ukrayna Rusiyanın şərtlərini qəbul etməlidir.

Kissincer Qərbi Ukraynadakı Rusiya qüvvələrini məğlubiyyətə uğratmaq səylərindən əl çəkməyə çağırıb və bunun Avropanın uzunmüddətli sabitliyi üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini deyib.

Rusiyanın Avropa güc balansındakı yerini unutmasının ölümcül olacağını vurğulayan Kissincer deyib ki, müharibənin daha uzun sürməsinə icazə verilməməlidir. Onun fikrincə Avropa Ukraynanı danışıqlardakı şərtləri qəbul etməyə məcbur etməlidir:

"Danışıqlar öhdəsindən gəlinməyəcək çaşqınlıq və gərginlik yaratmadan, yaxın iki ay ərzində başlamalıdır. İdeal nəticə Ukraynanın neytral dövlət, Rusiya ilə Avropa arasında körpü rolunu oynaması olardı. Rusiya 400 ildir Avropanın əvəzolunmaz bir hissə olub və kritik dövrlərdə Avropa güclər balansının qarantı olub. Avropa liderləri bu uzunmüddətli əlaqələri gözdən qaçırmamalı və Rusiyanı Çinlə davamlı ittifaqa sövq etməməlidirlər".

Kissincerin “Ukrayna Rusiyanın danışıqlar şərtlərini qəbul etməyə məcbur edilməlidir” sözləri Qərb mediasında geniş əks-səda doğurub. Britaniyanın Teleqraf və Dailymail qəzetləri keçmiş nazirin sözlərini “Ukrayna Rusiyaya torpaq verməlidir” başlığı ilə tirajlayıb.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər