Ukrayna prezidenti Zelenski Rusiyanı 20 milyon ton qida ixracının qarşısını almaqda günahlandırıb və limanlardakı maneələr aradan qaldırılmasa, bir çox ölkənin ərzaq böhranı ilə üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib.
“Dünya Rusiyanın Ukrayna limanlarındakı maneələrini aradan qaldırmağa kömək etməlidir, əks halda enerji böhranı ərzaq böhranı ilə müşayiət olunacaq. Rusiya taxıl, arpa, günəbaxan və daha çox qidanı ixrac etmək üçün demək olar ki, bütün limanları bağlayıb”, - deyə Zelenski bildirib.
Ukrayna prezidenti deyib ki, Rusiyaya görə enerji böhranından sonra ikinci böhran ərzaq böhranı olacaq: “Əgər biz Ukrayna limanlarını açıb ərzaq məhsullarına ehtiyacı olan Afrika, Avropa və Asiya ölkələrinə yardım etməsək, ərzaq böhranı yaranacaq”.
Zelenski bildirib ki Ukrayna limanlarında maneələrin aradan qaldırılması yollarından biri də hərbi həll yoludur.
Ukrayna xarici işlər naziri Dmitri Kuleba da sosial media hesabından "Rusiya limanlarımızı bağlayır və milyonlarla insanı aclıq təhlükəsi ilə üz-üzə qoyur" deyib.
Müharibədən əvvəl Rusiya və Ukraynadan buğda tədarükü dünya ticarətinin demək olar ki, 30 faizini təşkil edirdi. ABŞ Dövlət Departamentinin məlumatlarına görə, Ukrayna dünyanın 4-cü ən böyük qarğıdalı ixracatçısı və dünyanın 5-ci ən böyük buğda ixracatçısıdır.
Tahir TAĞIYEV