Fevralın 24-də Ukraynaya qarşı başlayan müharibədə məqsədinə çata bilməyən və ciddi hərbi itkilər verən Rusiya orduya çağırış yaş həddini dəyişdirmək üçün hərəkətə keçib. Donbas müharibəsi üçün özünün yüksək texnologiyalı silahlarını üzə çıxaran Moskva orduda yaşı həddi ilə bağlı qanunun ləğvinə hazırlaşır.
Dəyişikliyə əsasən 40-45 yaş arası rusların orduya qəbul edilməsinə icazə veriləcək. Bu addım Qərbdə “Rusiya daha böyük konfliktlərə hazırlaşır” narahatlığına səbəb oldu.
Rusiyada 18-40 yaşlı ruslar və 18-30 yaşlı əcnəbilər müqaviləli hərbi xidmət üçün orduya müraciət edə bilərlər. Hakim “Vahid Rusiya” partiyası mövcud yaş məhdudiyyətini aradan qaldırmaq üçün düyməyə basıb. Rusiya Dövlət Dumasından yüksək dəqiqlikli silahlardan istifadə üçün ekspertlərə ehtiyac olduğu bildirilib. Dəyişiklik orduya yaşlı mütəxəssislərin bacarıqlarından istifadə etməyə imkan verəcək. Bu, həm də kadr çatışmazlığının qarşısını alacaq.
Moskvanın son addımı Qərb tərəfindən “daha böyük münaqişələrə hazırlıq” kimi şərh edilir. Ukraynadakı müharibənin sonsuz münaqişəyə çevrilməsi ilə Rusiya ciddi əsgər və texnika itkiləri ilə üzləşir. Digər tərəfdən Rusiyanın bu qərarı rusların döyüşmək istəmədiyi xəbərlərinin ortaya çıxması ilə eyni vaxtda gündəmə gəlib. Hərbi analitik Rob Li, “Rusiyanın davamlı rotasiya üçün kifayət qədər quru bölmələri yoxdur. Canlı qüvvələr tükənir, buna uzun müddət davam gətirə bilməyəcəklər” deyib.
“The Guardian” yazıb ki, Rusiya orduya çağırış işlərini səssizcə gücləndirib. BBC iddia edib ki, Rusiya Müdafiə Nazirliyi insanlara müqavilə əsasında orduya qoşulmaq imkanları təklif edir. Bəzi iri şirkətlərə hətta şəxsi heyətini orduya yazdırmaq üçün məktublar göndərildiyi iddia edilib.
Tahir TAĞIYEV