Polşanın paytaxtı Varşavada Rusiya səfiri Sergey Andreev qırmızı boyalı hücuma məruz qalıb.
Səfir Andreev Qələbə Günündə Varşavada Sovet ssgərləri məzarlığını ziyarət edib. Məzarların üzərinə gül dəstələri qoyan səfiri Ukraynanın işğalına qarşı çıxan yüzlərlə fəal qarşılayıb.
Fəalların atdığı qırmızı boya Rusiya səfirinin üzünə dəyib, müharibə əleyhdarı fəallar isə Ukraynaya dəstək şüarları səsləndiriblər.
Füzlərlə fəal səfir Andreev və yanındakıların İkinci Dünya Müharibəsində həlak olmuş digər əsgərlərin məzarları üzərinə gül dəstələri qoymasına mane olub.
Məzarlıqda “Faşist”, “Qatil” kimi şüarlar səsləndirilib. Amerikanın “Associated Press” (AP) xəbər agentliyi xəbər verir ki, səfir və onu müşayiət edən şəxslər polisin köməyi ilə çətinliklə qəbiristanlıqdan çıxa biliblər.
Qeyd edək ki, bu gün bütün dünyanın gözü Moskvada idi. Qızıl Meydanda keçirilən Qələbə paradında Putinin bugünkü çıxışında verəcəyi mesajlar maraqla gözlənilirdi. Bildirilirdi ki, Ukraynanın işğalını “xüsusi hərbi əməliyyat” adlandıran Rusiya lideri birbaşa Qərb qonşusuna müharibə elan edə və ya erkən qələbəsini elan edə bilər, lakin gözlənilən olmadı.
Putinin çıxışı qədər diqqət çəkən başqa bir məsələ isə hərbi paradın hava qüvvələri bölməsinin ləğvi idi.
Tahir TAĞIYEV