Rusiyanın Ukraynaya təcavüzü bu gün yetmiş beşinci gününə qədəm qoydu. İkinci Dünya Müharibəsində faşist Almaniyasının məğlubiyyətini Qələbə Günü kimi qeyd edən Rusiyada Ukraynanı işğala cəhd edən Vladimir Putin Qızıl Meydanda kürsüyə çıxıb.
Ukraynaya müdaxilə qərarını müdafiə edən Rusiya lideri Qərb ölkələrinin Rusiya ərazisini işğal etməyə hazırlaşdığını iddia edərək, "Onların başqa planları var idi, bizi dinləmədilər. NATO sərhədlərimizə təhlükə yaratdı" deyib.
Putin Ukraynanın şərqində Donbasda hələ də davam edən şiddətli döyüşlərə toxunaraq, könüllülərin və rus qoşunlarının vətənləri uğrunda döyüşdüyünü iddia edib.
Ukraynada həlak olan və yaralanan hərbçilərin ailələrinə yardım edəcəyini vəd edən Rusiya lideri deyib ki, “düşmənlər Rusiyaya qarşı terrorçulardan istifadə etməyə cəhd ediblər”. Putin tribunadan Ukraynanın nüvə silahı yerləşdirmək planlarının olması ilə bağlı iddiasını yenə təkrarlayıb.
Putinin bugünkü çıxışında verəcəyi mesajlar maraqla gözlənilirdi. Bildirilirdi ki, Ukraynanın işğalını “xüsusi hərbi əməliyyat” adlandıran Rusiya lideri birbaşa Qərb qonşusuna müharibə elan edə və ya erkən qələbəsini elan edə bilər, lakin gözlənilən olmadı.
Putinin Qırmızı Meydandakı çıxışı qədər diqqət çəkən başqa bir məsələ isə hərbi paradın hava qüvvələri bölməsinin ləğvi idi.
Onlarla helikopter və təyyarənin iştirakı ilə keçirilməsi nəzərdə tutulan nümayiş əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib.
Lakin mərasim zamanı təyyarələrin və helikopterlərin uçuşuna mane olacaq heç bir hava şəraiti müşahidə edilməyib.
Sözügedən təyyarələr məşqlər zamanı da oxşar hava şəraitində uçublar.
Tahir TAĞIYEV