Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynanın Luqansk vilayətində insanların sığındığı bir məktəbə hücumunu pisləyib və Rusiya rəhbərliyinin vəhşi hücumlarına görə, məsuliyyət daşıyacağını bəyan edib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel G7 ölkələri liderlərinin telekörpü toplantısından sonra sosial şəbəkədə açıqlama verib.
İclasda Rusiyanın Ukraynaya hücumuna cavabı koordinasiya etdiklərini qeyd edən Mişel deyib ki, Rusiya rejimi Luqanskdakı məktəbə hücum da daxil olmaqla, vəhşiliyinə görə cavab verəcək.
Mişel Ukraynaya daha çox dəstək verəcəklərini, ölkənin yenidən qurulması üçün gündəmə gətirilən Marşal Planının zəruri olduğunu bildirib.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell də sosial şəbəkədəki paylaşımında Luqanskdakı məktəbə hücumdan dəhşətə gəldiyini bildirib.
Çoxlu uşaq ölümü ilə bağlı xəbərlərin olduğunu xatırladan Borrell, "Aİ Rusiyanın mülki insanların həyatına məhəl qoymamasını pisləyir və bu hücumun səbəbkarlarının ədalət qarşısında cavab verməsi səylərini dəstəkləyir" deyib.
Qeyd edək ki, Ukraynanın Luqansk vilayətinin qubernatoru Sergey Qayday mayın 7-də Rusiya qüvvələrinin hava hücumu nəticəsində Biloqorivka kəndində bir məktəbin bombalandığını və məktəbin bunkerində olan 60 nəfərin ölə biləcəyini açıqlayıb.
Tahir TAĞIYEV