G7 ölkələri İkinci Dünya Müharibəsinin başa çatmasının ildönümü münasibətilə onlayn rejimdə keçirdiyi sammitdə Rusiya-Ukrayna müharibəsini də müzakirə ediblər. Müzakirələrin sonunda G7 ölkələri bəyanat yayıblar.
Bəyanatda “Rusiya prezidenti Vladimir Putin, İkinci Dünya Müharibəsindən 77 il sonra Ukraynanın suverenliyinə məhəl qoymayaraq işğalı seçdiyi” ifadə edilib.
G7 ölkələri Rusiyadan neft idxalını tədricən dayandıracaqlarını və ya tamamilə kəsəcəklərini də açıqlayıblar.
Rusiyaya qarşı sanksiyaların ölkənin iqtisadi və maliyyə gücünü zəiflətdiyinə və bu sanksiyaların davam edəcəyinə diqqət çəkilərək, Rusiya neftinin idxalının mərhələli şəkildə dayandırılacağı və ya tamamilə kəsiləcəyi qeyd edilib.
Bundan əlavə, Rusiyanı iqtisadi cəhətdən zəiflətmək üçün Rusiyanın əsas xidmətlərə çıxışının qarşısını almaq üçün tədbirlər görüləcəyi bildirilib və Rusiya banklarına qarşı sanksiyaların daha da artırılacağı vurğulanıb.
Bəyanatda Rusiyanın təbliğat vasitələrinə və rus oliqarxlarına qarşı sanksiyaların da genişləndiriləcəyi bildirilib.
Tahir TAĞIYEV