Rusiya prezidenti Vladimir Putin Rusiya xarici işlər naziri Sergey Lavrovun "Hitlerin yəhudi əsilli olduğu" ifadələrinə görə İsrailin baş naziri Naftali Bennetdən üzr istəyib.
İsrail hökumətinin mətbuat xidmətinin məlumatına görə, Bennett və Putin arasında telefon danışığı olub.
Putin Lavrovun nasist lideri Adolf Hitlerin yəhudi əsilli olduğunu düşündüyünü və "ən yəhudi əleyhdarları yəhudilərdir" sözlərinə görə İsraildən üzr istəyib.
Görüş zamanı Bennetin Rusiya ordusunun mühasirəsində olan Ukraynanın Mariupol şəhərindən humanitar təxliyə təklifi təqdim etdiyi bildirilib. Putin BMT və Qırmızı Xaç humanitar dəhlizi vasitəsilə mülki əhalinin və yaralıların təxliyyəsinə icazə verəcəyini vəd edib.
İkilinin Lavrovun "Hitler yəhudi əsilli idi", "Ən böyük antisemitistlər yəhudilərin özləri idi" kimi açıqlamalarını müzakirə etdiyi paylaşılıb. Bildirilir ki, Bennett Lavrovun sözlərinə görə Putinin üzrxahlığını qəbul edib və yəhudi xalqı və Holokostla bağlı mövqeyini açıqladığına görə təşəkkür edib.
Telefon danışığı ilə bağlı Kreml Sarayından isə, Putinin İsrailin müstəqillik günü münasibətilə Benneti və İsrail xalqını təbrik etdiyi bildirilib.
“Rusiya prezidenti getto və konslagerlərdə işgəncələrə məruz qalan və cəza əməliyyatları zamanı nasistlər tərəfindən öldürülən 6 milyon yəhudinin 40 faizinin SSRİ vətəndaşları olduğunu xatırladıb və xoş arzularını yaşayan veteranlara çatdırmağı xahiş edib”, - məlumatda deyilir.
Ancaq Kremlin bəyanatında Putinin üzr istəməsi ilə bağlı hər hansı məlumat yer almayıb.
Tahir TAĞIYEV