Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı neft embarqosunu nəzərdə tutan 6-cı sanksiyalar paketini elan etməsindən dərhal sonra rusiyalı deputat Vladimir Cabarov çox mübahisəli bir iddia ilə çıxış edib.
Cabarov Aİ-nin üçüncü ölkələr vasitəsilə Rusiya neftini almağa davam edəcəyini bildirib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı 6-cı sanksiyalar paketini açıqlayıb. Üzv dövlətlər tərəfindən təsdiqlənməsi gözlənilən paketə əsasən, Aİ 6 ay ərzində Rusiyadan xam neft tədarükünü və ilin sonuna qədər təmizlənmiş emal edilmiş məhsulların tədarükünü mərhələli şəkildə dayandırmağı hədəfləyir.
Rusiyanın “Ria Novosti” xəbər agentliyinə danışan Rusiya parlamentinin beynəlxalq əlaqələr komitəsinin deputatı Cabarov isə Avropa İttifaqı ölkələrinin Rusiya neftini başqa ölkələrdən daha baha alacağını iddia edib.
"Bu mənə bir az çılğın kimi görünür. Deyirlər bizdən neft almayacaqlar. Olar, almayın, heç kimi məcbur etmirik. Amma üçüncü ölkə vasitəsilə almağa davam edəcəksiniz. Bizim neftimiz olduğu kimi qalacaq, ancaq sizə daha da baha başa gələcək” - rusiyalı deputat deyib.
Tahir TAĞIYEV