Rusiya xarici işlər naziri Sergey Lavrovun üç cümləsi ilə alovlanan İsraillə Rusiya arasında gərginlik Rusiya XİN-in sözçüsü Zaxarovanın son açıqlaması ilə yeni müstəviyə keçdi.
Qeyd edək ki, İsrail prezidenti İsaak Hersoq “Haaretz” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər nazirinin antisemit yalanlar yaydığını və Lavrovun üzr istəməsini gözlədiyini bildirib. Lavrovun sözlərinə çox sərt reaksiya verən İsrail mətbuatı isə Ukrayna işğalında qəbul edilmiş neytrallıq mövqeyinin İsrail üçün artıq geridə qalmalı olduğunu yazıb.
“Haaretz”dəki Yossi Melman imzalı təhlildə İsrail-Rusiya münasibətlərinin artıq toqquşma yolunda olduğu qeyd edilir və Moskva-Təl-Əviv xəttində münasibətləri ciddi pozulma həddinə çatdıran beş əsas hadisəyə diqqət çəkilir. Təhlillərə görə, işğalın ilk həftələrində Ukraynada döyüşdüyü iddia edilən israillilərin adlarının pasportları ilə birlikdə Rybar adlı Telegram hesabında dərc edilməsi qırılma nöqtəsi olub.
Yarım milyon izləyicisi olan Kreml tərəfdarı hesabda paylaşılan 20 nəfərlik siyahının əksəriyyətini İsrail Xarici İşlər Nazirliyi işçilərinin adları təşkil edirdi. Onların arasında konsulluq işçiləri və təhlükəsizlik işçiləri də olub. Təhlildə sözügedən şəxslərin Ukraynanın paytaxtı Kiyevdəki İsrail səfirliyini Polşaya təxliyə etmək üçün sərhəddən daxil olduqları bildirilib. Yossi Melmanın sözlərinə görə, açıq-aydın Rusiya məxfi xidmət agenti (ehtimal ki, ukraynalı) siyahını Moskvaya sızdırıb.
Təhlillərə görə, Rusiya sözügedən vaxt İsrailin Ukraynaya muzdlu əsgər və ya silah göndərmədiyini bilirdi, lakin buna baxmayaraq, siyahı Kremlyönümlü hesab tərəfindən paylaşıldı.
Siyahının dərcindən bir neçə gün sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin Ukraynanın paytaxtı Kiyevdə küçə adlarının dəyişdirilməsi təklifini pisləyib. Təl-Əviv nümayəndələri Kiyevdə adları rus və belarus dillərində olan 2673 küçə və meydanın adının dəyişdirilməsini təklif ediblər.
Ötən həftə isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu heç bir səbəb göstərmədən israilli həmkarı Benni Qantzla telefon danışığını ləğv edib.
Rusiya Xarici İşlər Nazirliyinə çağırılan İsrailin Moskvadakı səfiri isə Rusiya xarici işlər nazirinin müavini, Putinin Yaxın Şərq siyasətindən məsul Mixail Boqdanov tərəfindən tənqid edilib. Təl-Əvivə ünvanlanan sərt mesajların səbəbi BMT Baş Assambleyasında keçirilən səsvermədə Rusiyanı qınayan ölkələrə İsrailin də qoşulması olub.
Sonuncu dəfə isə səhnəyə Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova çıxıb. Zaxarova iddia edib ki, israilli muzdlular cəbhədə rus işğalçılarına qarşı ukraynalılarla birlikdə vuruşurlar. Zaxarova daha da irəli gedərək israilli muzdluların ifrat sağçı neonasist qrupu Azov Batalyonu ilə çiyin-çiyinə dayandığını iddia edib.
Ancaq gözlənildiyi kimi heç bir sübut təqdim edə biləməyən Zaxarova sadəcə "videonu gördüm" deyib.
Tahir TAĞIYEV