Almaniya kansleri Olaf Şolz Kiyevə səfər etməkdən imtina edib. Buna səbəb isə Almaniya prezidenti Frank Valter Ştaynmayerin Ukraynaya ziyarət tələbinin Kiyev tərəfindən rədd edilməsi olub.
Qeyd edək ki, Polşa və Baltikyanı ölkələrin liderləri aprelin ortalarında Ştaynmayerlə birlikdə Kiyevə getmək istəyirmiş, amma Ukrayna prezidenti Zelenskinin Ştaynmayeri qəbul etmək istəmədiyi məlum olub.
Almaniya kansleri Olaf Şolz isə bildirib ki, prezident Frank-Valter Ştaynmayerin Ukraynaya səfər tələbinin rədd edilməsi onun bu ölkəyə səfərinə maneədir.
Kansler Şolz Almaniya prezidentinin səfərinin rədd edilməsinin gözlənilməz hadisə olduğunu deyib.
Prezident Ştaynmayerin Ukraynada qəbul edilməməsinin onun bu ölkəyə səfərinə “maneə” olduğunu bildirən Şolz deyib: “Bu qədər hərbi və maliyyə yardımı göstərən ölkəyə, Ukraynanın gələcəyi üçün lazım olacaq təhlükəsizlik zəmanətləri ilə bağlı vəziyyət yarandıqda ehtiyac duyulacaq ölkəyə “prezident gələ bilməz” demək olmaz”.
Almaniya hökumətinin Ukraynanı dəstəkləməkdə tərəddüd etdiyinə dair ittihamları rədd edən Şolz, Ukraynaya edilən maliyyə və hərbi yardımın Ukrayna ordusunun müharibədə uzun müddət dayanmasına dəstək olduğunu iddia edib.
Ukrayna ordusuna dəstəyin davam edəcəyini bildirən Şolz NATO-nun bu müharibəyə qatılmayacağını təkrarlayıb: "Məqsədimiz Rusiyanın müharibəni bitirməsi və qoşunlarını Ukraynadan çıxarmasıdır. Rusiya qazanmamalıdır, Ukrayna isə uduzmamalıdır".
Almaniya kansleri Şolzun Kiyevə səfər etməyəcəyi ilə bağlı açıqlamasına münasibət bildirən Ukraynanın Berlindəki səfiri Andrij Melnik isə bildirib ki, "təhqir edilən qurban rolunu oynamaq dövlətçiliyə bənzəmir".
"Nasist işğalından sonra ən dağıdıcı müharibə baş verir. Ora uşaq bağçası deyil", - deyən Melnik Ukrayna prezidenti Zelenskinin Şolzu Kiyevdə qəbul etməkdən yenə də məmnun qalacağını qeyd edib.
Tahir TAĞIYEV