Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamalarından sonra Rusiya ilə İsrail arasında münasibətlər gərginləşib.
İsrail Lavrovun nasist lideri Adolf Hitlerin yəhudi əsilli olduğunu bildirən açıqlamasına sərt reaksiya verib və Rusiyanın İsrail səfirini Xarici İşlər Nazirliyinə çağıraraq izahat istəyib. Nazirlik Lavrovun açıqlamasını qınayıb və onun sözlərinin “bağışlanmayan” yalan olduğunu bildirib.
Bu cür yalanların yəhudiləri tarixdə onlara qarşı törədilən ən dəhşətli cinayətlərdə ittiham etmək məqsədi daşıdığını deyən İsrailin baş naziri Naftali Bennet, yəhudi xalqına qarşı Holokostdan siyasi məqsədlər üçün istifadə edilməsinə dərhal son qoymağa çağırıb.
Babası Holokost qurbanlarından biri olan İsrailin xarici işlər naziri Yair Lapid yəhudilərin antisemitizmdə ittiham edilməsinin "irqçiliyin ən fundamental səviyyəsi" olduğunu söyləyib və Lavrovun nasistyönlü ünsürlərin Ukrayna hökuməti və ordusunda hakimiyyət qurması ilə bağlı iddiasını da rədd edib: "Ukraynalılar nasist deyillər. Yalnız nasistlər nasist olub və yəhudi xalqının sistemli şəkildə məhv edilməsində yalnız onlar maraqlı idi".
Tahir TAĞIYEV