Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukraynadakı hadisələrə kənardan müdaxilə olarsa, bunu Rusiya üçün təhlükə hesab edəcək və “ildırım sürəti” ilə cavab verəcəklər.
"Kimlərsə Ukraynada baş verən hadisələrə kənardan müdaxilə etmək niyyətindədirsə və Rusiya üçün qəbuledilməz strateji təhlükə yaradırsa, Rusiyanın cavab hücumlarının “ildırım sürəti” ilə olacağını bilməlidirlər. Bunun üçün heç kimin öyünə bilməyəcəyi bütün imkanlarımız var. Amma lovğalanmayacağıq, lazım gələrsə onlardan istifadə edəcəyik. Bunu hər kəsin bilməsini istəyirəm. Bu məsələ ilə bağlı bütün qərarları qəbul etmişik” – Putin deyib.
Qərb ölkələrinin anti-Rusiya yanaşması ilə mənfəət əldə etməyə çalışdığını qeyd edən Putin bu ölkələrin Ukraynanı anti-Rusiya ölkəsinə çevirdiyini bildirib. Putin bildirib ki, Ukrayna Rusiya ilə birbaşa münaqişəyə sövq edilib.
Rusiyanın “müstəqil Ukrayna dövlətinin yaradılmasına müsbət yanaşacaqlarını və o zaman dost ölkəyə olacağını” ifadə edən Putin, “Heç kim tarixi Rusiya torpaqlarında “anti-Rusiya” birləşməsinin yaradılmasını gözləmirdi və buna imkan verə bilmərik" deyib.
Rusiya prezidentinin açıqlamalarına münasibət bildirən ABŞ prezidenti Co Bayden isə
Ukraynada müharibəni qızışdıran tərəfin Rusiya olduğunu deyib: "Putin bu müharibəni başlamağa qərar verdiyi kimi, bu müharibəni də bitirməyə qərar verə bilər".
Rusiyanın nüvə silahı ilə bağlı açıqlamalarına da toxunan Bayden deyib: "Heç kim nüvə silahının istifadəsi və ya istifadə ehtimalı ilə bağlı boş açıqlamalar verməməlidir. Bu, məsuliyyətsizlik olardı".
Tahir TAĞIYEV