Ukrayna ilə müharibədə hələlik istədiyinə nail ola bilməyən Rusiya dünyanı Üçüncü Dünya Müharibəsi ilə hədələyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov nüvə müharibəsi təhlükəsinin real olduğunu deyərək dünyanı şoka salıb.
Rusiya televiziyasına danışan Lavrov, Üçüncü Dünya Müharibəsi risqinin hazırda kifayət qədər yüksək olduğunu bildirib və ABŞ və müttəfiqlərindən Ukraynaya silah göndərilməsini dayandırmasını istəyib.
"Təhlükə realdır, ciddidir və elə belə qəbul edilməməlidir" deyən Rusiyanın bir nömrəli diplomatı NATO müttəfiqlərinin əsasən Rusiya hərbçiləri ilə müharibə apardığını iddia edib.
Rusiya xarici işlər naziri həmçinin NATO üzvlərinin Ukraynaya göndərdiyi silahların Moskva üçün qanuni hədəf olacağını bir daha vurğulayıb və “Müharibə müharibə deməkdir” ifadəsini işlədib: “Əgər NATO faktiki olaraq Rusiya ilə başqa bir ölkə vasitəsilə müharibəyə gedirsə, o zaman müharibədə nə etmək lazımdırsa, ediləcək”.
Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Heappi Lavrovun meydan oxuyan sözlərinə cavab verib və Ukraynada müharibənin tezliklə qızışacağını gözləmədiyini bildirib.
Lavrova daha bir cavab Ukraynanın xarici işlər naziri Dmitro Kulebadan gəlib. Kuleba Rusiyanın 3-cü Dünya Müharibəsi təhlükəsi ilə Ukraynaya kömək etməməsi üçün Qərbi qorxutmağa çalışdığını vurğulayıb: “3-cü Dünya Müharibəsi təhlükəsindən danışmasının tək bir mənası var: Rusiyanın məğlub olacağını hiss edir”.
Tahir TAĞIYEV