Fransada qeyri-rəsmi nəticələrə görə, prezident seçkilərinin qalibi 58,20 faiz səs toplayan hazırkı prezident Emmanuel Makron olub.
Seçkidən sonra Makron deyib ki, “bir çox həmvətənlərim məni dəstəkləmək üçün deyil, ifrat sağçılara mane olmaq üçün mənə səs verdilər”.
Makronun yenidən prezident seçilməsindən sonra paytaxt Paris, Renn və Nantda etiraz aksiyaları keçirilib.
Özlərini “antifaşist” adlandıran yüzlərlə insan Parisin Respublika meydanına toplaşıb. Fəallar Makron əleyhinə şüarlar səsləndiriblər. Polis nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edib və qarşıdurma yaranıb.
Renn şəhərində nümayişlərə qadağa qoymasına baxmayaraq, şəhərin mərkəzinə toplaşan 250-yə yaxın etirazçı çoxlu zibil qutularını yandırıb.
Nantın mərkəzinə toplaşan etirazçılar da Makron əleyhinə şüarlar səsləndirib və əllərində pankartlar tutublar.
Tahir TAĞIYEV