Dünən Rusiyanın müdafiə naziri Sergey Şoyqu Mariupolun ələ keçirildiyi barədə prezident Putinə məlumat verib. Putin isə Şoyqunu uğurlu əməliyyata görə təbrik edib.
Mariupoldakı Azovstalda hələ də ukraynalıların döyüşdüyünü deyən Şoyqu Azovstalda 2000-dən çox ukraynalı döyüşçünün gizləndiyini bildirib.
Mariupoldan 142 mindən çox dinc sakinin təxliyə edildiyini deyən Rusiya müdafiə naziri Azovstal obyektinin təhlükəsiz şəkildə mühasirəyə alındığını deyib.
Putin isə Mariupoldakı sənaye zonasına basqın etməyə ehtiyac olmadığını deyib və obyektə basqın planlarının ləğvi barədə göstəriş verib. Putin obyektlərin blokadaya alınması barədə göstəriş verib.
“Rusiya Azovstal obyektlərini tərk edən Ukrayna qüvvələrinin həyatına zəmanət verir. Onlara hörmətlə yanaşılacaq” - Putin deyib.
Ukrayna hakimiyyəti isə Mariupolun hələ də Ukraynada olduğunu bəyan edir və ordunun şəhəri müdafiə etməyə davam etdiyini bildirir.
Ukrayna prezidenti Zelenski Şoyqunun Mariupola tam nəzarəti ələ keçirdikləri barədə açıqlamasından sonra “Mən də, siz də çox yaxşı bilirik ki, onlar Mariupolun böyük hissəsini çoxdan ələ keçiriblər, lakin şəhərdə Ukrayna əsgərlərinin qaldığı yerlər var” deyib.
Zelenski bildirib ki, əsgərlərdən başqa orada mülki vətəndaşlar da var. Onların əksəriyyəti qadın və uşaqlardır. Mariupolda 120 minə yaxın dinc sakin blokada altındadır. Mariupoldakı “Azovstal” fabrikində 400-ə yaxın yaralı ukraynalı əsgərin olduğunu qeyd edən Zelenski, sözügedən əsgərlərin mübadilə yolu ilə qaytarılması üçün qarşı tərəfə təklif etdiklərini bildirib.
Britaniya Müdafiə Nazirliyi isə Rusiya qüvvələrinin Ukraynanın Donbas bölgəsindəki Kramatorsk şəhərinə doğru irəliləməyə başladığını açıqlayıb. Rusiya qüvvələrinin Donbasdakı mövqelərindən Kramatorska doğru irəlilədiyi və şəhərin davamlı raket hücumlarına məruz qaldığı bildirilib.
Rusiyanın eyni zamanda Ukraynanın hava hücumundan müdafiə imkanlarını boğmaq və məhv etmək üçün Ukraynanın şərqindəki hücumuna yaxından havadan dəstək verməyə çalışdığı və Rusiyanın hava əməliyyatlarının yüksək səviyyədə davam etdiyi vurğulanıb.
Qeyd edək ki, günlərlə davam edən mühasirədən sonra qarşıdurmalarda üstünlüyü ələ keçirən Rusiya ordusu ilkin olaraq Mariupolda Ukrayna hərbi birləşmələrinin, xarici muzdluların və ultramillətçi silahlı qüvvələrin sayının 8100 nəfər olduğunu bildirirdi. Rusiya hakimiyyəti bu müddət ərzində 1464 Ukrayna əsgərinin təslim olduğunu, Azovstal Metallurgiya Zavodunda isə 2000-dən çox insanın qaldığını açıqlayıb. Azovstal Metallurgiya Zavodu ərazisində mürəkkəb yeraltı bunkerlərin olması səbəbindən Rusiya hərbi qüvvələri tərəfindən təyyarələrlə bombalanmasına baxmayaraq, oranı ələ keçirə bilməyiblər.
Bu arada, Ukrayna Prezidenti Aparatının baş müşaviri Oleksiy Arerestoviç bildirib ki, hazırda Ukraynada 90 minə yaxın rus əsgəri var. O, mətbuata açıqlamasında ölkəsinə müharibə elan edən rus ordusundan 90 min əsgərin Ukraynada olduğunu, daha 22 min rus əsgərinin isə Ukrayna sərhədində gözlədiyini bildirib.
Tahir TAĞIYEV