Rusiyanın Ukraynanın qərbindəki Lvov şəhərinə son hava hücumlarından sonra açıqlama verən Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell, Rusiyanın hücumları qarşısında ölkədə heç bir yerin təhlükəsiz olmadığını deyib.
"Ukrayna son həftələrdə Rusiyanın intensiv raket hücumlarına məruz qalıb. Aİ Rusiya silahlı qüvvələrinin mülki əhalini və mülki infrastrukturu bombalamasını pisləyir", - Borrell deyib.
Rusiyanın Ukraynanın Lvov şəhərinə hücumuna toxunan Borrel vurğulayıb ki, son günlər Lvov və Ukraynanın qərbindəki digər şəhərlərə edilən hücumlar ölkənin heç bir bölgəsinin Rusiyanın mənasız hücumları qarşısında təhlükəsiz olmadığını göstərir. Aİ-nin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Ukraynadakı müharibə cinayətləri ilə bağlı təhqiqatını dəstəklədiyini deyən Borrell Rusiyanı döyüş əməliyyatlarını dərhal və qeyd-şərtsiz dayandırmağa, bütün qüvvə və hərbi texnikanı ölkədən çıxarmağa çağırıb.
Tahir TAĞIYEV