Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatına qarşı hərbi əməliyyata başlayıb. Milli Müdafiə naziri Hulusi Akar "Pəncə Kilid Əməliyyatı" adı verilən əməliyyatın Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçuların hədəflərinə qarşı keçirildiyini açıqlayıb.
“Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalından xalqımıza və sərhəd təhlükəsizliyimiz qarşı terror hücumlarını aradan qaldırmaq məqsədi ilə terror hədəflərinə qarşı "Pəncə Kilid Əməliyyatı"na başlayıb” – Akar deyib.
Əməliyyat çərçivəsində terror təşkilatına aid hədəflərə zərbələr endirildiyini deyən Akar bildirib: “Hazırlanan plan çərçivəsində həyata keçirilən əməliyyatda ilk olaraq Metina, Zap və Avaşin-Basyan bölgələrindəki terror hədəfləri hava qüvvələrimiz tərəfindən atəşə tutulub. Qəhrəman pilotlarımız terror təşkilatına aid sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, sursat anbarları və sözdə qərargahlardan ibarət hədəfləri vurub. Artilleriya qüvvələri hədəflərə tam zərbələr endirir. ATAK helikopterlərimiz, İHA və SİHA-ların dəstəyi qəhrəman komandolarımız qurudan sızaraq və hava hücumu əməliyyatı ilə bölgəyə girib. Hələlik əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub”.
Tahir TAĞIYEV